Vaxt.Az

“BioNTech” xərçəng vaksinlərinə fokuslandı


 

Milyardlıq investisiya qərarı

“BioNTech” xərçəng vaksinlərinə fokuslandı “COVİD-19” vaksini ilə dünya şöhrəti qazanan Almaniya mərkəzli biotexnologiya şirkəti “BioNTech” indi diqqətini yenidən xərçəng peyvəndlərinin inkişafına yönəldib. ABŞ-lı tərəfdaşı “Bristol Myers Squibb” (BMS) ilə milyardlarla avroluq əməkdaşlıq çərçivəsində xərçəng müalicəsində böyük ümidlər vəd edən “BNT327” adlı antikorun inkişafına sərmayə yatırır. Şirkətin 2025-ci il üçün tədqiqat və inkişaf xərcləri 2,6-2,8 milyard avro arasında planlaşdırılır ki, bu da 2024-cü ilin 2,3 milyard avroluq xərclərindən daha çoxdur.

Şirkətin 2025-ci ilin ikinci rübündə gəliri 260,8 milyon avroya çatıb, halbuki bir il öncə bu rəqəm 128,7 milyon avro idi.

 

BMS ilə əməkdaşlıq və klinik sınaqlar

 

“BioNTech” və “Bristol Myers Squibb” arasında imzalanan əməkdaşlıq çərçivəsində, “BNT327” antikorunun dünya üzrə inkişafı və kommersiyalaşdırılması nəzərdə tutulur. Bu il üçün 1,5 milyard dollarlıq ilkin ödəniş gözlənilir. Antikorla 10-dan çox şiş növündə 20-dən artıq klinik tədqiqat aparılır və ya planlaşdırılır. Hətta aqressiv növlərdən biri olan süd vəzi xərçəngi üçün “Faz III” sınaqlarının bu il başlayacağı gözlənilir. Ağciyər xərçəngi üzrə araşdırmalar da yekunlaşmaq üzrədir.

 

“MRNA” texnologiyasında güclənmə

 

Şirkət həmçinin “Curevac” adlı digər bir Alman biotexnologiya şirkətini təxminən 1,25 milyard dollara almağı planlaşdırır. Bu addım “BioNTech”in “mRNA” texnologiyası üzrə imkanlarını daha da genişləndirəcək. Qeyd edək ki, “Curevac” koronavirus vaksini sahəsində “BioNTech”in rəqibi idi.

“BioNTech” və ABŞ-lı ortağı “Pfizer” birlikdə hazırladıqları yenilənmiş koronavirus vaksinini avqust ayında Avropa Birliyi bazarına təqdim etməyə hazırlaşır. Bu yeni vaksin aşkar edilmiş mutasiyalara qarşı xüsusi tərtib olunub və ABŞ-da rəsmi təsdiq üçün müraciət edilib.

***

“BioNTech” pandemiya dövründə qazandığı mövqeyini yeni texnologiyalar və klinik tədqiqatlar vasitəsilə gücləndirməyə çalışır. Xərçəng aşılarına yönəlmiş milyardlıq investisiyalar şirkətin uzunmüddətli inkişaf strategiyasının əsas hissəsidir. Bu, həm elm dünyasında, həm də biotexnologiya bazarında rəqabət qabiliyyətini artıracaq.

Pandemiya sonrası “COVİD-19” vaksinlərinə olan tələbatın azalması şirkəti gəlirlərini diversifikasiya etməyə sövq edir. Bu mənada, xərçəng sahəsində aparılan tədqiqatlar həm tibbi, həm də iqtisadi baxımdan önəmli sayılır.

 





07.08.2025    çap et  çap et