Mənbələrin verdiyi məlumata əsasən, Sistani hazırda iqtidarda olan koalisiyaya təzyiq göstərərək silahlı dəstələrin yaratdığı siyasi böhrandan sürətlə çıxmağı tələb edir. Din alimi bildirib ki, “İraq şiələrinin taleyi nəzarətsiz silahların öhdəsinə buraxıla bilməz”.
Sistaninin yaxın çevrəsindən olan tanınmış bir ruhaninin bildirdiyinə görə, siyasi qüvvələrin silah məsələsini idarə etmə imkanları getdikcə zəifləyir və bu, dini nüfuz mərkəzləri ətrafında narahatlığa səbəb olub.
Mənbələrin bildirdiyinə görə, bir dövlət rəsmisi son olaraq Nəcəfdən bir sənəd alıb. Həmin sənəddə silahların qeydiyyatı, “Haşdi Şabi”nin dövlət strukturlarına inteqrasiyası və İraqın regional və beynəlxalq əlaqələrinin “asanlıqla qarşısı alınmayacaq risklərdən yayınmaq üçün” yenidən nəzərdən keçirilməsi tələb olunub.
“Koordinasiya Çərçivəsi” koalisiyasının rəhbər şəxslərindən biri bildirib ki, bu çağırışlar Bağdadda siyasi fəaliyyətin qaydalarını dəyişməyə başlayıb və eyni zamanda Tehranın rolu azalmaqdadır.
Bununla belə, “Haşdi Şabi” liderləri İraqdakı qruplara çatdırdıqları mesajda bildiriblər ki, İran hərbi gücünü yenidən bərpa etməyə çalışarkən, zaman qazanmaq vacibdir. Onların təlimatına əsasən, tərksilah prosesinə ciddi şəkildə qarşı durulmalı, çünki hər bir silah önümüzdəki dövrdə daha böyük əhəmiyyət daşıyacaq.
Eyni xəbərdarlıq mesajının Livandakı “Hizbullah”a da göndərildiyi qeyd olunub.