Vaxt.az xəbər verir ki, son illər yüksəlişdə olan bədənə müsbət yanaşma (“body positivity”) hərəkatı yenidən dəbdə olan arıqlıq trendinin kölgəsində qalmağa başlayıb. Sosial şəbəkələrdə yayılan “skinny” filtrlər, “Ozempic” kimi arıqladıcı dərmanlar, eləcə də Selena Qomez və Ariana Qrande kimi məşhurların gözəçarpacaq dərəcədə çəki itirməsi bədən ideallarında dəyişiklik yaradıb. “The New York Times” bu prosesi "bədən müxtəlifliyi inqilabının sonu" kimi qiymətləndirərək qlobal moda sənayesini yenidən “ultra arıq” bir dövrə keçməkdə ittiham edir.
BBC-nin məlumatına görə, ASA qurumuna daxil olan bir neçə şikayət əsasında “Zara”nın iki modelin yer aldığı reklam vizualları araşdırılıb. Quruma təqdim olunan fotolarda modellərin “həddindən artıq arıq” və “abartılı dərəcədə sümüklü” görünməsi əsas narahatlıq kimi qeyd olunub.
Bir reklam görüntüsündə, saçları arxaya daranan və ağ, dərin dekolteli köynək geyinmiş modelin qabarıq körpücük sümükləri diqqət çəkir. Digər bir vizualda isə modelin qolları, sinə və çiyin nahiyəsi olduqca incə təsvir olunub. ASA bu vizualların gənclər arasında sağlam olmayan bədən təəssüratlarını gücləndirə biləcəyini vurğulayıb.
***
ASA qərarında “Zara”nın məsuliyyətsiz davranaraq reklam etik qaydalarını pozduğunu bildirib. Bundan sonra “Zara” müvafiq fotoları yayım siyahısından çıxarıb.
Şirkət əlavə olaraq, sözügedən modellərin çəkiliş zamanı sağlamlıq vəziyyətlərinin yaxşı olduğunu təsdiqləyən tibbi arayışa malik olduqlarını açıqlayıb. Həmçinin, “Zara” 2007-ci ildə dərc edilmiş “Sağlam Gələcək üçün Moda” adlı hesabatdakı tövsiyələrə əməl etdiyini bəyan edib.
BBC-nin xatırlatmasına görə, bu cür müdaxilələr moda sənayesində ilk deyil. “Zara”dan öncə, Böyük Britaniyanın tanınmış geyim markaları olan “Marks & Spencer” və “Next” də analoji səbəblərlə reklam qadağaları ilə üzləşmişdi. Bədən görünüşü ilə bağlı etik müzakirələr moda dünyasında bu cür hadisələrlə yenidən aktuallaşır.