Yüklənmiş hava limanları: xroniki sıxlıq
Xüsusilə Amsterdam-Sxipxol, Paris-Orli, Barselona-El Prat, Brüssel-Zaventem, Milan-Malpensa və Roma-Fyumicino hava limanları bu yay həm sərnişin, həm də yük axını baxımından dözümsüz vəziyyətə düşüb. Gözləmə zalları, qeydiyyat masaları və pasport nəzarəti nöqtələri uzun növbələrə dözmür. Hər birində gündəlik 50-150 reys ya gecikir, ya da ümumiyyətlə həyata keçirilmir.
Aparıcı hava limanlarının bir çoxu artıq yay fəsli üçün əvvəlcədən satışa çıxarılan reyslərin bir qismini "əvvəlcədən ləğv" siyasəti ilə sıradan çıxarıb. Hədəf: texniki nasazlıqlara və işçi çatışmazlığına qarşı əvvəlcədən sığorta.
Aşağıbüdcəli hava yolları: ucuza uç, əsəbiləş
“Ryanair”, “Wizz Air”, “EasyJet” və “Vueling” kimi aşağıbüdcəli hava yolları son illərin pandemiya sonrası tələbi qarşılamaq üçün ciddi genişlənməyə getmişdi. Ancaq bu yay onların sistemləri demək olar ki, iflic olub.
Baqaj qadağaları, yeni çəki limitləri, ödənişli oturacaq seçimi, qeyri-şəffaf sığorta mexanizmləri – sərnişinlər ucuza bilet alsalar da, sonda daha çox xərclə üzləşirlər. Üstəlik, bu şirkətlərin reys gecikmə və ləğv olunmalara görə kompensasiya öhdəliklərini yerinə yetirməməsi Avropa məhkəmə sistemində onlarla yeni işin açılmasına səbəb olub.
Sığorta, ləğvlər və hüquqi qarşıdurma
Sığorta təminatçılarının bir qismi artıq reyslərin gecikməsi və ya ləğvi hallarını "fors-major" kimi qiymətləndirərək ödənişlərdən yayınır. Bəzi şirkətlər isə müqaviləyə gecikmə limitini əlavə edərək məsuliyyətdən boyun qaçırmağa çalışırlar.
Məsələn, son aylar “Transavia”, “Jet2” və “Eurowings” aviaşirkətləri sığorta mübahisələri səbəbilə minlərlə sərnişinin hüquqi iddiaları ilə üzləşib. Bu isə həm sığorta sektoruna, həm də hava nəqliyyatı infrastrukturuna inamı zəiflədib.
Hava nəqliyyatı sektorunda əmək böhranı
2025-ci ilin yayında Avropanın bir çox hava limanında texniki heyət, dispetçer və təhlükəsizlik əməkdaşlarının çatışmazlığı böhran həddinə çatıb. İşçilər ya aşağı maaş, ya da təhlükəli iş rejimlərinə görə sektordan kənarlaşır.
“TAP Air Portugal”, “ITA Airways”, “Brussels Airlines” və “SAS” kimi bir neçə şirkətdə tətil və istefalar səbəbilə həftələrlə uçuş qrafiki pozulub. Bir çox reys yalnız məhdud heyətlə, təxirə salınmış qrafiklə və minimum xidmətlə həyata keçirilir. Tətillər artıq tək-tək hallar deyil – onlar sektorun ümumi sarsıntısını göstərən göstəriciyə çevrilib.
Böhran niyə strukturldur?
Mövcud problemlər təkcə bu yayla və ya müəyyən bir ölkə ilə bağlı deyil. Avropa hava nəqliyyatı bazarının ifrat liberallaşdırılması, maliyyə optimizasiyası adı ilə heyət azaldılması, sosial təminatların zəiflədilməsi və aşağıbüdcəli modelin yayılması böhranın dərin köklərini təşkil edir.
Sərnişin tələbi artsa da, hava nəqliyyatı infrastrukturu – nə fiziki, nə də insan resursları baxımından – bu tələbi qarşılamaq iqtidarında deyil. Bu isə yalnız bu yayın deyil, qarşıdakı illərin də problemidir.