Vaxt.Az

Avropada dərman böhranı


 

550-dən çox preparat tapılmır

Avropada dərman böhranı Almaniyada dərman çatışmazlığı getdikcə daha ciddi problemə çevrilir. Apteklər həm tədarük böhranı, həm də bürokratik əngəllər səbəbilə çarəsiz durumda qalır.

Vaxt.az xəbər verir ki, “Alman Eczacılar Birliyi”nin (ABDA) bildirdiyinə görə, 2024-cü ilin sonunda ölkədə tədarükü mümkün olmayan dərmanların sayı 500 civarında idisə, 2025-ci ilin ortalarında bu rəqəm 550-ni keçib. Əsas çatışmazlıq isə xolesterin salıcı preparatlar, diqqət çatışmazlığı (ADHD) və psixiatrik xəstəliklərin müalicəsində istifadə olunan dərmanlarda müşahidə olunur.

 

Bəzi dərmanlar yalnız xaricdən gətirilə bilir

 

Tapılmayan dərmanların bir qisminin alternativi olsa da, beş əsas dərman üçün Almaniyada heç bir ekvivalent mövcud deyil. Bu dərmanlar – o cümlədən astma müalicəsində istifadə edilən “Salbutamol” və uşaqlar üçün antibiotiklər – yalnız xarici ölkələrdən, xüsusilə də İspaniya və ABŞ-dan təmin olunur.

2023-cü ildə qüvvəyə minmiş “Tədarük Böhranı Qanunu”nun real təsiri zəif olub. Apteklər mövcud qanunvericiliyin onları hər dəfə həkimlə əlaqə saxlamağa məcbur etdiyini, bu səbəbdən də gecə saatlarında və ya istirahət günlərində xəstələrin dərmansız qaldığını bildirir.

Əczaçılar fövqəladə hallarda həkimlə məsləhətləşmədən alternativ dərman vermək səlahiyyəti tələb edirlər.

 

Hər dörd aptekdən biri iqtisadi risk altındadır

 

Sektor nümayəndələri reseptlə satılan dərmanların onlayn satışına qarşı çıxır. Onların fikrincə, soyuq zəncir tələb edən dərmanlar uzun məsafələrdə keyfiyyətini itirə bilər və Almaniyada bu sistemin təhlükəsiz şəkildə həyata keçirilməsi üçün lazımi infrastruktur yoxdur.

Maliyyə baxımından da vəziyyət kritikdir. Son 13 ildə sabit xidmət haqqı dəyişməsə də, xərclər artmaqda davam edir. Hazırda apteklər hər bir reseptli dərman üçün 8,35 avro alır, əlavə olaraq dərmanın qiymətinin 3 faizi və 0,41 avro gecə və təcili xidmət fonduna yönəldilir.

Mütəxəssislər bu modelin davamlı olmadığını, sabit ödənişin azı 12 avroya çatdırılmalı olduğunu vurğulayırlar. Koalisiya razılaşmasında nəzərdə tutulan 9,50 avro isə “doğru istiqamətdə kiçik addım” kimi qiymətləndirilir.

Apteklərin funksiyalarının genişləndirilməsi də müzakirə olunur. Peyvəndlərin vurulması, bəzi dərmanların yenidən reseptləşdirilməsi və erkən diaqnostika xidmətlərinin apteklərə həvalə olunması ilə ailə həkimlərinin yükünün azaldılması və gözləmə müddətlərinin qısaldılması mümkün ola bilər.

 





07.08.2025    çap et  çap et