"The New York Times" nəşrinin məlumatına görə, Nyu-York Heyvan Baxımı Mərkəzləri (Animal Care Centers of NYC) adlanan dövlət sığınacaq şəbəkəsi hazırda minə yaxın ev heyvanına sığınacaq verir. Bu siyahıya yüzlərlə pişik, it və balaları, 50 dovşan, onlarla donuz və bir neçə quş daxildir.
Mərkəzin İctimaiyyətlə əlaqələr direktoru Keti Hansen bildirir ki, insanlar durmadan heyvanlarını sığınacaqlara təslim edirlər. Bu tendensiya son aylarda kəskin şəkildə artıb və sığınacaqlar vəziyyəti idarə etməkdə çətinlik çəkir. Səbəb sadə və dramatikdir – sosial rifahın çökməsi.
“İnsanlar heyvanlarını sadəcə vaxt çatışmazlığı səbəbilə buraxmır. Çoxları maddi çətinlikdədir. Bəziləri sığınacağa göz yaşları içində gəlir”, – deyə Hansen bildirir.
Sahiblənmə xərcləri minlərlə dollara qalxır
ABŞ-ın ASPCA təşkilatının hesablamalarına görə, birinci il ərzində pişik saxlamaq 1100 dollardan, iri itlər üçün isə 2000 dollardan çox xərc tələb edir. Bu məbləğə yemək, peyvəndlər, baxım vasitələri və tibbi yardım daxildir. Artan inflyasiya, kirayə və ərzaq qiymətləri ilə birlikdə bu xərclər daha da ağır yükə çevrilib.
“United Way New York City”nin 2023-cü il hesabatı da vəziyyəti təsdiqləyir: şəhər əhalisinin yarısı ayın sonunu çətinliklə gətirir, yəni qazanc, əsas ehtiyacları belə qarşılamır. Belə bir şəraitdə, çoxları üçün it və pişiklər artıq lüks sayılır.
“Yalnız sahiblənmə ilə bu böhrandan çıxmaq mümkün deyil”
Sığınacaqlar da bu dalğaya hazır deyil. Hansen bildirir ki, həftə sonu 1000 heyvan sahiblənsə belə, bu sadəcə müvəqqəti rahatlıq gətirəcək. Əsl problem sistemlidir və təkcə heyvanların deyil, insanların da iqtisadi təhlükəsizlikdə yaşaya bilməməsi ilə bağlıdır.
Sığınacaqların xərcləri də az deyil. Məsələn, Massaçusetsdəki “Dakin Humane Society” hər heyvanın sığınacaqda qalmasının təxminən 950 dollara başa gəldiyini bildirir. Çünki bu heyvanların bir çoxu travmatik vəziyyətdə gəlir – psixoloji və tibbi yardıma ehtiyac duyurlar.
Suç, şikayət və 311 zəngləri – böhranın başqa tərəfi
ASPCA-nın “The Independent” qəzetinə verdiyi məlumata görə, ev heyvanlarına dair hüquq pozuntularında da artım var. Şəhərdəki 311 zəng mərkəzinə edilən şikayətlər, heyvan zorakılığı halları və bu sahədə açılan hüquqi işlərin sayında artım müşahidə olunur. Sığınacaqlar isə bu dalğanın yalnız görünən hissəsidir.
Yaz ayları ilə birlikdə vəziyyət daha da kəskinləşir. ABŞ-da bu dövrə "kitten season" – yəni “pişik balası mövsümü” deyilir. Bu isə sığınacaqlarda yeni doğulmuş və xüsusi qayğı tələb edən heyvanların sayının kəskin artması deməkdir.
Yoxsulluq indi yalnız insanları deyil, heyvanları da vurur
Sosial təbəqələşmənin dərinləşməsi, şəhər həyatının kapitalist mexanizmlərlə ifrat şəkildə qurulması, insanın təbiət və canlılarla münasibətini də dəyişdirir. Artıq ev heyvanı saxlamaq insanın sosial statusuna bağlı bir lüks halını alıb. Bu, yalnız Amerikada deyil, dünya üzrə getdikcə böyüyən tendensiyadır.
Çox ehtimal ki, yaxın illərdə bu proses daha da sərtləşəcək. Çünki sosial rifah sistemləri zəifləyir, ailə strukturları dəyişir, tənha həyat tərzi artır, amma bütün bu dəyişikliklərin ortasında bir həqiqət qalır: sadiq dostlar – heyvanlar – insanın ən kiçik böhranında belə ilk qurban olur.