“Perplexity” tərəfindən dəstəklənən “Truth Search AI” funksiyası platformanın internet brauzer versiyasına inteqrasiya olunub.
“Trump Media”nın baş direktoru Devin Nunes bildirib ki, süni intellekt sosial media platformasını “Vətəndaş İqtisadiyyatı”nda daha həyati elementə çevirəcək.
“Perplexity”nin baş əməliyyat rəhbəri Dmitriy Şevelenko, “Əhəmiyyətli sualları olan istifadəçilərə güclü süni intellekt təqdim etmək üçün “Truth Social” ilə əməkdaşlıq etməyimizdən məmnunuq. Merak dəyişimin lokomotividir və “Perplexity”nin süni intellekti, hər kəsə daha dərin araşdırma aparmağa imkan verən şəffaf istinadlarla etibarlı cavablar təqdim etmək üçün hazırlanıb”, – deyib.
“Perplexity” daha əvvəl “The New York Times”, “The New York Post” və “Dow Jones” kimi nəşrlər tərəfindən plagiatlıqda ittiham olunmuşdu. Şirkət, kiber təhlükəsizlik firması “Cloudflare” tərəfindən internet saytlarını icazəsiz surətdə gizli şəkildə kopyalamaqda ittiham edildi və son günlər tənqidlərin hədəfinə çevrildi.
“Cloudflare”in hesabatına görə, “Perplexity”nin süni intellekt axtarış motoru saytların botlara qarşı qoruma tədbirlərini aşaraq məzmuna daxil olur.
“Cloudflare” CEO-su Metyu Prins, “Bəzi “hörmətli” süni intellekt şirkətləri Şimali Koreyalı hakerlər kimi davranır. Onları ifşa etməyin, utandırmanın və tamamilə bloklamanın vaxtı çatıb”, – deyib.
“Perplexity” isə cavab olaraq “Cloudflare” sistemlərinin “həqiqi təhlükələrlə legitim süni intellekt köməkçilərini ayırd etməkdə fundamental şəkildə aciz” olduğunu iddia edib.
Süni intellekt şirkəti, icazəsiz giriş üçün “son dərəcə ixtisaslaşmış tapşırıqlar”da istifadə etdiyi üçüncü tərəf xidmətini məsuliyyət daşıyan kimi göstərib.
“The Independent” qəzeti “Perplexity”nin “Truth Social” axtarış motorunun internet saytlarının qoyduğu bloklardan yayına bilmək üçün gizli skanerlərdən istifadə edib-etmədiyi barədə şərh almaq üçün “Trump Media” ilə əlaqə saxlayıb.
“Trump Media”nın mətbuat xidməti bildirib ki, şirkətin missiyası “internetdə yer açmaq və insanlara səsini geri verməklə böyük texnologiya şirkətlərinin ifadə azadlığına hücumunu sona çatdırmaq”dır.