«Keçəcəyəm Azərbaycana, qoy orada nə olursa olsun. Mən qorxaq adam deyiləm. Burada məni incidirlər, ailəmi incidirlər, ona görə də Ermənistandan getmək istəyirəm» - deyə Çubuxçuyan şikayətlənib.
Keçmiş erməni məmur deyib ki, o, Ermənistan hakimiyyəti tərəfindən təhqir olunub: «Çünki bu hakimiyyət mənim istedadıma və zəhmətimə qiymət vermir».
Çubuxçuyan «dünyada tayı-bərabərinin olmadığını», buna baxmayaraq işdən çıxarıldığını və bu zaman cüzi haqq aldığını əlavə edib.
Xatırladaq ki, Çubuxçuyanı Tavuş rayonunun bu yaxınlarda təyin edilmiş yeni qubernatoru işdən azad edib. Buna cavab olaraq keçmiş məmur Azərbaycandan siyasi sığınacaq istəyib. O, müraciətini BBC-nin Ermənistan müxbiri, keçmiş Azərbaycan vətəndaşı Aleksey Manvelyan vasitəsilə çatdırıb.
Azərbaycan tərəfinin Çubuxçuyanın müraciətinə reaksiyası məlum deyil. Bu ilin əvvəllərində Azərbaycanda təqib olunduğunu iddia edən Cavid Orucov erməni mənşəli arvadını və azyaşlı uşaqlarını da götürərək Ermənistana keçmişdi.