Vaxt.Az

İran qovrulur


 

İsti hava, quraqlıq və siyasi laqeydlik ölkəni məhvə aparır

İran qovrulur İranda isti hava dalğası və su qıtlığı gündəlik həyatı iflic edib. Siyasətçilər illərlə mütəxəssislərin xəbərdarlıqlarını görməməzlikdən gəliblər. Bu laqeydliyin əvəzini indi xalq ödəyir.

İyulun ortalarından bəri İran isti hava dalğasının təsiri altındadır. Gündəlik həyat demək olar ki, dayanıb. Avqustun 6-da, xüsusilə Tehran da daxil olmaqla 31 əyalətdən 16-da rəsmi qurum və təşkilatlar bağlı qalıb. Bu son həftələrdə tez-tez baş verir. Banklar və digər “iş yerlərində” iş saatları qısaldılıb.

İranda, xüsusilə ölkənin cənub-qərbində hava temperaturu 52 dərəcəyə qədər yüksəlib, meteorologiya bu yüksək temperaturun yaxın günlərdə də davam edəcəyini bildirib.

Həddindən artıq isti ilə yanaşı, tez-tez baş verən su kəsintiləri iranlıların gündəlik həyatını daha da çətinləşdirir.

 

Tehranda su problemi

 

Son beş ildir davam edən quraqlıq və azalan yağıntılar paytaxtda su ehtiyatlarının azalmasına səbəb olub. Tehran Su İdarəsi iyul sonunda açıqlayıb ki, 15 milyonluq paytaxta su verən barajların su səviyyəsi son yüz ilin ən aşağı səviyyəsindədir. Xalqdan suyu qənaətlə istifadə etmələri istənilib, su təzyiqi azaldılıb.

Dayanıqlı inkişaf, iqlim dəyişikliyi və su idarəçiliyi üzrə tədqiqatçı Nasir Kərəmi bildirir: “Tehranın 100 km radiusundakı bütün çaylar və su mənbələri tükənib”. Rəsmi qeyd edib ki, paytaxtın su ehtiyacını qarşılayacaq alternativ mənbələr yoxdur.

 

Susuzluğun yeganə səbəbi quraqlıqdırmı?

 

Tehran coğrafi mövqeyinə görə İranın səhra bölgəsinin şimalında yerləşir və burada su problemi yeni deyil. Bu məsələ 1969-cu ildən şəhər idarəsinin əsas gündəmlərindəndir.

Çünki içməli su mənbələri yalnız məhdud sayda əhaliyə yetəcək səviyyədədir. 1989-cu ilə qədər bu tutum maksimum 5,5 milyon insanın ehtiyacını qarşılayacaq səviyyəyə çatdırıla bilmişdi.

Amma şəhərdə tikinti qaydalarına əməl edilmədi, şəhər böyüdü, əhali sürətlə artdı.

1969-cu ildə İran 28 milyon əhalisi üç dəfədən çox artaraq 2025-ci ildə isə 92 milyon olub. Bu, İran dini liderinin şiə əhalisinin artırılması arzusu ilə uzlaşıb. Lakin su ehtiyatlarının azlığı və iqlim dəyişikliyinin inkarı ciddi problemlər yaradıb.

Artan əhali daha çox qida istehsalı, kənd təsərrüfatı, sənaye və yaşayış üçün daha çox su tələb edir. Mütəxəssislər onilliklərdir su ehtiyatlarının azlığına diqqət çəkərək siyasi məsul şəxsləri tədbir görməyə çağırır.

Əkin ekologiyası və ətraf mühit mütəxəssisi Mənsur Zöhrabi bildirir ki, siyasətçilərin xəbərdarlıqları laqeyd yanaşması ağır nəticələrə səbəb olub. 2015-ci ildən “Almaniya”da yaşayan Zöhrabi deyir ki, bu laqeydlik İranı su qıtlığına, demək olar ki, heç bir ağacın qalmadığı şəhərlərdə isti hava dalğalarına, toz fırtınalarına və toz çirkliliyinə gətirib çıxarıb.

 

Elektrik infrastrukturu da yükü götürmür

 

Son həftələrdə İranın bəzi şəhərlərində 48 saata qədər su kəsintiləri yaşanıb. Buna elektrik kəsintiləri də əlavə olunub. Yüksək temperatur səbəbindən artan kondisioner istifadəsi artıq zəif olan elektrik şəbəkələrini daha da yükləyib.

50 dərəcəyə çatan isti havalarda saatlarla davam edən elektrik kəsintiləri bir çox insan üçün gündəlik həyatı çətinləşdirir, xüsusilə yaşlılar üçün ciddi sağlamlıq riskləri yaradır.

Tehranda bir gənc ana hər elektrik kəsintisində uşağını kondisionerli maşına qoyub soyutmaq üçün saatlarla boş-boş küçələrdə gəzdiyini danışır.

 

“Bunların olacağı aydın idi”

 

İqlim mütəxəssisi Nassir Kərəmi deyir ki, 30 ildir İranda məsul şəxsləri xəbərdar edirlər və vəziyyətin bu səviyyəyə çatacağı onlar üçün aydın idi: “Böyük şəhərlərin nəzarətsiz inkişafı məhz bu nəticəyə gətirib çıxaracaqdı. Hökumətlər bunu bilirdi, xəbərdarlıq etdik, amma heç nə etmədilər”.

İranın “çevrə qurumunun” rəhbəri Şina Ənsari bildirir ki, hazırkı problemləri həll etmək üçün atılan tədbirlər böhranı idarə etmək üçün yetərli deyil. Böhrandan çıxmaq üçün geniş və konkret planlar yoxdur. Uzun illər davam edən dayanıqlı inkişafın laqeydliyi İran xalqını böyük problemlərlə üz-üzə qoyub. Biganəliyin əvəzini xalq ödəyir. Çox sayda mütəxəssis illərlə konkret həll yolları təklif edir.

Almaniyada fəaliyyət göstərən “ARD”nin dövlət telekanalına danışan Məhəmməd Dərviş deyir ki, su qənaətinin ən təsirli yollarından biri səth sularını yeraltı qatlara yönəltməkdir. Bu yolla su yeraltında saxlanar, buxarlanması əngəllənər.

Bu metod “baraj inşaatı”ndan daha az maliyyətlidir və uzunmüddətli su ehtiyatı kimi xidmət edə bilər.

Lakin mütəxəssislərin xəbərdarlıqları və təklifləri nəzərə alınmır. İran mütəxəssislərinə görə ölkədə barajların 80%-i demək olar ki, boşdur. Payız yağışlarına qədər su qıtlığı davam edəcək.

Keçmişdə olduğu kimi, məsul şəxslər və rəsmilər növbəti yay və isti hava dalğası gələnə qədər problemi görməməzlikdən gəlməklə kifayətlənəcəklər.

 





11.08.2025    çap et  çap et