Yaponlar dövrün ən mükəmməl texnoloji bir cihazını ixtira edir, istehsal edir və müvəffəqiyyətlə satışa təqdim edirlər. Elə ilk günlərdən uğurlu baş tutan satışdan sonra bunu 1-2 gün müxtəlif korporativ tədbirlər, işçilərə verilən bonus və mükafatlarla qeyd edirlər, əylənirlər. 3-cü gün isə yığışıb iclas (iclas ərəbcə cələsə oturmaq kökündən gəlir, ona görə də bəzən hətta keçirilməsi işə mane olur, fikirləri yayındırır, nəinki yardım edir) deyil, məhz beyin fırtınası edirlər ki, daha mükəmməlini necə yaradaq. Yəni, əldə olunan nailiyyəti daha da təkmilləşdirmək, ondan maksimum səmərəni əldə etmək üzərində düşünmək yaponları, digər inkişaf etmiş ölkələri və şirkətləri inkişafa aparan ən önəmli amillərdən biri olmuşdur. Bu prinsipə dayanaraq 8 avqust nailiyyətimizi ümumilikdə ölkəmizin iqtisadiyyatında və iqtisadiyyatımızın ayrı-ayrı sahələrində səmərəli və maksimum şəkildə istifadə etsək qazandıracağı uğurlar, etməsək gətirəcəyi risklər barədə bir neçə (əsas demirəm, sadəcə bir neçə deyirəm) istiqaməti qeyd etmək məqsədəuyğun olar:
Birincisi, 907-ci Düzəlişin ləğvi təkcə iqtisadi, humanitar sahədə deyil, həm də imic və psixoloji baxımdan da ölkəmizə ciddi dividendlər gətirə bilər... əgər bu dividendləri düzgün müəyyən edib istifadə edə bilsək. Qeyd edim ki, burada hər hansı mənfi və riskli amil demək olar ki, olmadığı üçün risklərə deyil, dividendlərə fokuslanmaq daha doğru olar;
İkincisi, sözün həqiqi mənasında Cənubi Qafqazın lojistik xəritəsi kifayət qədər köklü şəkildə nəinki təkcə bizim üçün, həm də Çin (digər Şərqi Asiya ölkələri), Orta Asiya və ən çox da Ermənistanın özü üçün dəyişir. Bu amildən yolun uzunluğu və əhatəliyi, Naxçıvan ilə birbaşa quru yolu ilə əlaqə baxımından Azərbaycan üçün daha avantajlıdır. Lakin, görüləcək işlər də çoxdur, risklər də. Orta Asiya ölkələri üçün Xəzər Dənizi üzərindən multimodal daşımaçılığın sürəti nə qədər çox və maliyyəti nə qədər az olarsa bu dəhliz həmin dövlətlər üçün bir o qədər sərfəli və aktiv olacaq. Burada Xəzər dənizi sahilindəki limanlarımızın əhəmiyyəti və dövriyyəsinin kifayət qədər artma ehtimalı çox yüksəkdir. Qeyd etmək vacibdir ki, Şimali Qafqazın (Dağıstan daxil olmaqla Rusiyanın Şimali Qafqazda yerləşən digər muxtar respublikalarının və o cümlədən Rusiyanın digər regionlarının) Türkiyəyə quru yolla çıxışı hazırda Gürcüstan üzərindən mövcuddur və burada rəqabət artır. Yaxın gələcəkdə Rusiyanın bu marşrutdan istifadə ehtimalı müəyyən və məlum səbəblərdən aşağı olsa da, orta və uzaq perspektivlərdə yüksəkdir. Bu rəqabətdə yol infrastrukturu, gömrük prosedurlarının müddətləri, avtomatlaşdırma və digər amillər (əslində bu amillər kifayət qədər çoxdur) önəmli rol oynayacaq. Onu da qeyd edim ki, həm Azərbaycan, həm də Ermənistan üzərindən kifayət qədər yeni, ciddi marşrutlar ortaya çıxacaq. Burada kimin daha operativ davranıb irəli düşməsi məsələsi də əsas amillərdən olacaq;
Üçüncüsü, Türkiyə-Azərbaycan-Ermənistan arasında ticarət əlaqələri (elə turizm də) artacaq. Nə qədər qəribə olsa da ən böyük risk ölkəmiz üçün məhz bu istiqamətdədir. Düşünürəm ki, ermənilər əslində bunu nəzərə alıblar. Bir paralel aparaq. 2000-ci illərin əvvəllərindən pandemiyaya qədər Gürcüstanın inkişafında, o cümlədən turizminin, Gürcüstana birbaşa xarici investisiyaların, valyuta axınlarının, xüsusilə Gürcüstan xidmət və avtomobil sahəsində xidmət sektorunda Azərbaycanın böyük payı olmuşdur. Bu pay düşündüyümüzdən də çox olub. Sadəcə o zamanlar Gürcüstana ölkəmizdən turist, kapital, investisiya axını neft pullarının ölkəmizə axını səbəbindən ölkəmiz üçün ciddi risk daşımamışdı. Bundan sonrakı dövr isə kifayət qədər fərqlidir və biz hər dollarımızın hesabını aparmağa məcburuq. Yəni ən azı gedən kapital qədər gələn kapital, gedən turist qədər gələn turist, aldığımız xidmət və məhsul qədər verəcəyimiz xidmət və satacağımız məhsul, yəni ixrac haqqında da düşünməliyik. Əks halda bu dəfə də Ermənistanın inkişafında rol oynayacağıq, lakin bu rol Gürcüstandan fərqli olaraq birtərəfli olacaq. (unutmayaq ki, Gürcüstan üzərindən boru xətləri və bütün lojistik marşrutlarımız keçdiyi üçün Gürcüstanla dolayı qarşılıqlı mənfəətlər daha çox olub). Bir amili də unutmayaq. Ermənilər gürcülərə nisbətən məhsul istehsalında, sənətkarlıqda, ticarət məsələlərində daha üstündürlər. Gürcülərdən fərqli olaraq bizim psixologiyanı da, dilimizi də daha yaxşı bilirlər. Yəni, Azərbaycan bazarını daha sürətlə tuta bilərlər. Ciddi bir şəkildə birbaşa xarici investisiyaların cəlbinə başlamış Ermənistan məhsulları üçün Azərbaycanın istehlak bazarına çevrilməi riski yüksəkdir. Bu isə orta və uzun perspektivdə bizim yerli istehsal, xüsusilə kənd təsərrüfatı, informasiya texnologiyaları, süni intellekt, digər sahələrdə istehsalla bağlı Ermənistanla ciddi rəqabətlə üzləşəcəyimiz ehtimalını yüksəldir. Bu istiqamətdə çox danışmaq olar. Lakin məsələlər strateji, həm də daha çox dar çərçivədə müzakirə mövzularıdır;
Dördüncüsü, düşünürəm ki, biz müxtəlif istiqamətlərdə siyasətlərimizə yenidən baxacağıq. Diqqətdən kənarda qalmamaları məqsədilə və yazınınn uzun olmaması üçün cəmi bir neçə istiqaməti sıralamağa çalışacağam:
Real ÜDM-nin 5%-in üzərində artım tempinə sahib olmaq (məsələn, Çin üçün əsas strateji hədəflərdən birincisi illik ÜDM artımının 5%-dən aşağı düşməməsidir. Çünki, 5%-dən aşağı illik ÜDM artımı inkişaf etməkdə olan iqtisadiyyat üçün kifayət deyil, hətta daralma siqnalıdır. Arayış: İnkişaf etmiş iqtisadiyyatlar üçün illik ÜDM artımı 1% və ətrafı aşağı, 2-3% civarı isə normal hesab olunur (çünki bu iqtisadiyyatlar həm də doymuş iqtisadiyyatlardır), inkişaf etməkdə olan iqtisadiyyatlar üçün 5-10%, inkişaf etməyə başlayan iqtisadiyyatlar üçün isə 10% və daha çox artım normal hesab olunur. Məsələn, Çin, Cənubi Koreya, Yaponiya, Braziliya və digər bu kimi ölkələrin inkişafının əsas səbəbi ÜDM artımının 10 ildən artıq müddətdə illik 10%-dən çox olması səbəbindən olmuşdur. Bu tempdə artım olmasaydı inkişaf etməkdə olan ölkə statusunu əldə etmək, inkişaf etmiş ölkələrlə rəqabət edə bilmək mümkün olmazdı). ÜDM mövzusuna növbəti yazıda qayıdacağam;
Monetar siyasətdə xəstəliyə uyğun reseptlərin qəbul edilməsi və tətbiqi (aptekdə ürək dərmanı çoxdur və böyrək dərmanı yoxdursa və ya azdırsa böyrək xəstələrinə ürək dərmanı vermək onların vəziyyətini daha da ağırlaşdırar, böyrəyə yardım etməz, nisbətən sağlam olan ürəyi də sıradan çıxarar);
Fiskal siyasətin mikro səviyyədən makro səviyyəyə qaldırılması (yəni, büdcə xərcləmələrinin bölüşdürülməsindən makroiqtisadi şəraitin nəzərə alınaraq fiskal siyasətin makroiqtisadi göstəricilərə təsirini artırmaq);
Büdcə doldurmağa fokuslanmış gömrük siyasətinin fiskal siyasətin tərkib hissəsindən daha çox proteksionist siyasətin (yuxarıda qeyd etdiyim lojistik və istehsal məsələləri və riskləri bunu daha da zəruri edəcək) tərkib hissəsinə çevrilməsi. Bu gün əlbəttə gömrük siyasətimizdən proteksionist siyasət istiqamətləri var, lakin bu istiqamətlərin, əhatəliliyinin və təsirlərin kifayət qədər artırılması və baxışların dəyişməsinə düşünürəm ki, ciddi ehtiyac və zərurət var;
Resursların hər bir iqtisadiyyata gətirdiyi müsbət və mənfi düşüncə tərzləri olur. Mənfi düşüncə tərzlərindən biri də istehsal və emalla bağlı hətta cəmiyyətdə, müxtəlif təbəqələrdə, bəzən mediada da aşağılayıcı, laqeyd münasibətin olması, xaricdə istehsal olunan məhsula kor-koranə sevginin güclənməsi, milli məhsullarla bağlı təəssübkeşliyin zəifləməsidir. Bu amillər yerli istehsalı kölgəyə salır, nəticədə yerli istehsal məhsullarına ictimai nəzarət də, rəqabət də zəifləyir, yerli istehsal (əlbəttə resursun gətirdiyi valyutanın sayəsində) daha güclü mövqe qazanmış daha tənbəl və rahat başa gələn idxala uduzur!
Özəl sektorda, xüsusilə böyük holdinq və şirkətlərimizin önündə böyük imkanlar açılır. Son müsahibələrimin birində əslində böyük holdinqlərin iş prinsipləri (vizyon və düzgün strategiyanın müəyyənləşdirilməsi, brend yaratmaq, əsas fəaliyyət istiqamətinə fokuslanmaq və sair), kiçik və orta sahibkarlıqla əməkdaşlıqları və onların inkişaflarında oynamalı olduqları rollara toxunmuşdum. Təkrara yol vermədən sadəcə vurğulayım ki, ölkəmizdə maliyyə imkanları güclü olan bir neçə holdinq var. Bu holdinqlərin yerli və milli səviyyədən transmilli və qlobal, orta perspektivdə heç olmasa regional holdinqlərə çevrilmə imkanları yüksəkdir. Düzgün vizyon, strategiya, Yol Xəritələri vasitəsilə. Hazırda istehsal etdikləri məhsulları ixrac edən, digər ölkələrdə fəaliyyətləri olan holdinqlərin isə qarşısında daha böyük imkanlar və perspektivlər açılır!!!
Ölkəmizin iqtisadiyyatında rəqabət məsələsinə tamamilə yeni bir baxışın müəyyənləşdirilməsi və inkişaf etdirilməsi;
Dövlət - özəl sektor əməkdaşlığının mikro səviyyədən ÜDM-nin artımı, ölkənin iqtisadi inkişafında birbaşa rol oynayacaq makro səviyyəyə yüksəldilməsi. Bu dərin, lakin kifayət qədər xarici uğurlu təcrübələri əhatə edən mövzuya burada girmək istəmirəm.
Əslində istiqamətlər də, perspektivlər də, risklər də çoxdur. Ölkəmizin uğurlu xarici siyasəti, hərb və diplomatik sahələrdə qazandığımız uğurlar iqtisadiyyat sahəsində də ciddi perspektivlər açır. Cənubi Qafqaz sülh, rifah, inkişaf və qarşılıqlı iqtisadi əlaqələr mərkəzinə, regionuna çevrilir. Azərbaycanın Cənubi Qafqazda yaratdığı bu şəraitdən elə ən çox Azərbaycanın özünün pay almaq, töhfə götürmək haqqı, hüququ var! Arzum bu haqq və hüquqdan iqtisadiyyat sahəsində maksimum istifadə edə bilməyimizdir!!!