Vaxt.Az

Əmizdirmə xərçəngdən qoruyur


 

Ana südü körpəyə xeyirli olduğu kimi ananı da qoruyur

Əmizdirmə xərçəngdən qoruyur Əmizdirmək yalnız körpələri deyil, anaları da qoruyur – məsələn, döş, yumurtalıq xərçəngi və 2-ci tip şəkərli diabet riskini azaldır. Bəs bu necə baş verir və indiyədək aparılan tədqiqatlar nəyi göstərir?

 

Ana südü – körpə üçün ən ideal qida

 

Ana südü yeni doğulanlar üçün ən uyğun qida mənbəyi hesab olunur: körpəni lazımi qida maddələri ilə təmin edir, infeksiyalardan qoruyur və hətta tərkibi körpənin fərdi ehtiyaclarına uyğun dəyişə bilir. Dünya Əmizdirmə Həftəsi çərçivəsində Dünya Əmizdirmə Alyansı (WABA) və Dünya Səhiyyə Təşkilatı (ÜST) bu xüsusiyyətlərə yenidən diqqət çəkib.

 

Analar üçün də faydası var

 

Elmi araşdırmalar göstərir ki, əmizdirmə qadın sağlamlığı üçün də müsbət təsirə malikdir. Ən bariz nümunə – döş xərçəngi riski: qadın nə qədər uzun müddət əmizdirirsə, qoruyucu təsir bir o qədər artır.

Almaniyada Milli Əmizdirmə Komissiyasının rəhbəri Rehina Ensenauer bildirib ki, bəzi tədqiqatlar əmizdirən qadınlarda döş xərçəngi hallarının daha az olduğunu sübut edib. 2002-ci ildə 47 araşdırmanı əhatə edən meta-analizə görə, hər bir əmizdirmə ili döş xərçəngi riskini təxminən 4,3% azaldır.

 

Mümkün səbəblər

 

Araşdırmaçılar bu qoruyucu təsirin arxasındakı mexanizmləri tam dəqiqləşdirməyib. Amma ehtimallardan biri belədir: əmizdirmə zamanı hormonal dəyişikliklər baş verir, menstruasiya gec başlayır və qadın orqanizmi döş xərçəngi hüceyrələrinin böyüməsini stimullaşdıra bilən estrogen və progesteron hormonlarına daha az məruz qalır.

Hamiləlik və əmizdirmə dövründə döş toxumasında baş verən dəyişikliklər nəticəsində bəzi kanserogen maddələr süd vəzilərindən xaric ola bilər. Hətta bəzi araşdırmalarda ana südündə xərçəng hüceyrələrini məhv edə bilən maddələr aşkar edilib.

 

Başqa xərçəng növlərinə də təsir edə bilər

 

Bəzi tədqiqatlar əmizdirmənin yumurtalıq və uşaqlıq xərçəngi, həmçinin tip 2 şəkərli diabet riskini də azalda biləcəyini göstərir. Bunun da hormonal və hüceyrə səviyyəsindəki dəyişikliklərlə bağlı olduğu düşünülür.

Döş xərçəngi qadınlar arasında ən çox rast gəlinən xərçəng növüdür. Hər 20 qadından biri həyatının müəyyən mərhələsində bu xəstəliyə tutulur. Lakin hər qadın əmizdirə bilmir və ya bunu seçmir.

Almaniya Xərçəng Araşdırma Mərkəzi (DKFZ) döş xərçəngindən qorunmaq üçün aşağıdakı tədbirləri tövsiyə edir:

 

Həftədə 3–5 saat sürətli gəzinti və ya bənzər idman fəaliyyəti

Menopozdan sonra sağlam çəki saxlamaq və ya artıq çəkini azaltmaq

Alkoqoldan uzaq durmaq

Siqaret çəkməmək

Mümkün olduqda hormon əvəzedici terapiyadan çəkinmək

Tip 2 diabetin qarşısını sağlam qidalanma və çəki nəzarəti ilə almaq

Bol meyvə, tərəvəz, lifli qidalar qəbul etmək, yağ və qırmızı ət istifadəsini azaltmaq

 

DKFZ-nin hesablamasına görə, bu tədbirlər sayəsində menopoz sonrası döş xərçəngi hallarının üçdə birini önləmək mümkündür.

 





11.08.2025    çap et  çap et