Vaxt.Az

Trampın imzası nefti bahalaşdırdı


 

İnvestorların nəzərləri Alyaska görüşünə tuşlanıb

Trampın imzası nefti bahalaşdırdı Neft ABŞ ilə Çin arasında gömrük tariflərinin artırılması planının təxirə salınması xəbəri ilə qiymətində artım yaşayıb.

Bu inkişaf, iki ölkə arasındakı ticarət müharibəsinin iqtisadiyyata mənfi təsir göstərəcəyi və dünyanın ən böyük iki neft istehlakçısında yanacaq tələbatını azaldacağı ilə bağlı narahatlıqları yumşaldıb.

"Brent" xam neftinin fyuçersləri 0,39% artaraq barrel başına 66,89 dollara yüksəlib, ABŞ xam nefti (WTI) isə 0,34% artımla 64,18 dollar səviyyəsinə çatdı.

Ağ Evdən bir rəsminin dünən verdiyi açıqlamaya görə, ABŞ Prezidenti Donald Tramp, Çinlə olan “tarif atəşkəsini” 90 gün müddətinə uzadıb. Bu addım, ABŞ-ın pərakəndə satış sektorunun ilin sonu bayram mövsümünə hazırlaşdığı vaxtda Çin mallarına tətbiq ediləcək yüksək tariflərin qarşısını alıb.

Bu vəziyyət, dünyanın ən böyük iki iqtisadiyyatı arasında razılaşma əldə olunacağı və mümkün ticarət embarqosunun qarşısının alınacağı ümidlərini artırıb. Tariflər iqtisadi artımı yavaşlada bilər ki, bu da qlobal yanacaq tələbatını zəiflədə və neft qiymətlərini aşağı sala bilər.

İnvestorlar həmçinin, Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında avqustun 15-də Alyaskada Ukrayna müharibəsini sona çatdırmaq məqsədilə keçiriləcək görüşə diqqət yönəldirlər.

Bu görüş, Rusiyaya qarşı ABŞ təzyiqlərinin artdığı bir dövrdə planlaşdırılır. Əgər sülh razılaşması əldə olunmasa, Çin və Hindistan kimi Rusiya nefti alıcılarına qarşı daha sərt sanksiyaların tətbiq olunacağı barədə xəbərdarlıqlar verilir.

Azərbaycan brendi “Azeri Light” nefti 73,00 dolların üzərində ticarət olunur.

 





12.08.2025    çap et  çap et