Vaxt.Az

«Ermənilər dinc sakinləri qətlə yetirir»


 

«Qarşıdakı onillikdə inkişaf etmiş ölkələrin sırasına qatılmaq istəyirik»

«Ermənilər dinc sakinləri qətlə yetirir» Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Misirin «Yaxın Şərq» Xəbərlər Agentliyində müsahibəsi dərc olunub.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E.Məmmədyarov müsahibəsində Azərbaycanla Misir arasında dostluq və əməkdaşlıq əlaqələrinin müştərək iradə və tarixi münasibətlər əsasında daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycanla Misir arasında siyasi əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu deyən nazir iki ölkə arasında turizm və energetika sahələri daxil olmaqla, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib.

Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətləri barəsində ətraflı məlumat verən E.Məmmədyarov ölkəmizin qarşıdan gələn onillik ərzində inkişaf etmiş ölkələr sırasına daxil olmağa səy göstərdiyini söyləyib.

Nazir Misirin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi və Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəkləyən mövqeyinin təqdir edildiyini diqqətə çatdırıb.

O, İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənməsi və Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı qəbul etdiyi qətnamələrinin və Qoşulmama Hərəkatının münaqişənin həll ilə bağlı ifadə etdiyi mövqeyinin yüksək qiymətləndirildiyini deyib.

Azərbaycanın terrorizmdən əziyyət çəkən dövlət olduğunu və erməni terror təşkilatları tərəfindən terrora məruz qaldığını, eləcə də qoşunların təmas xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində dinc sakinlərin qətlə yetirildiyini diqqətə çatdıran nazir Azərbaycanın terrorizmə qarşı beynəlxalq səyləri dəstəklədiyini və bu sahədə Misir ilə əməkdaşlığın faydalı ola biləcəyini deyib.

Müsahibə əsnasında E.Məmmədyarov ölkəmizin Azərbaycan Respublikası Beynəlxalq inkişafa Yardım Agentliyi vasitəsilə Yaxın Şərq, Afrika və Asiyada humanitar layihələr həyata keçirdiyini və davamlı inkişafa və sabitliyə töhfə verdiyini bildirib.

Nazir Azərbaycanın qonşu ölkələr, şərqi və Mərkəzi Avropa regionu və Asiyada investisiya layihələri ilə çıxış etdiyini və Azərbaycanın regionun nəqliyyat mərkəzinə çevrildiyi barəsində də ətraflı danışıb.

 





15.06.2014    çap et  çap et