Vaxt.Az

“Bizə qul deyib, lağ edirlər”


 

Şimali Koreyalı işçilərdən Rusiya etirafı

“Bizə qul deyib, lağ edirlər” Rusiya, artan işçi qüvvəsi çatışmazlığını minlərlə Şimali Koreyalı işçini demək olar ki, qul kimi işlədərək aradan qaldırmağa çalışır. İşçilər gündə 18 saat işləyir, qazancın böyük hissəsi isə “sədaqət payı” adı ilə Pxenyana göndərilir.

İngiltərə mediası BBC-nin əldə etdiyi məlumata görə, Ukraynaya qarşı aparılan müharibə səbəbindən ciddi işçi çatışmazlığı yaşayan Rusiya, minlərlə Şimali Koreyalını ağır və məhdudiyyətli iş şəraitində çalışdırır.

Moskva, müharibə dövründə Pxenyandan raket, top mərmisi və əsgər dəstəyi alıb. İndi isə kişi əhali çatışmazlığını bu ölkədən gətirilən işçilərlə doldurmağa çalışır. Cənubi Koreya kəşfiyyatına görə, Rusiya bu işçilərə getdikcə daha çox asılı hala gəlir.

 

Gündə 18 saat iş, ildə iki gün istirahət

 

BBC müharibənin başlanmasından bəri Rusiyadan qaçmağı bacaran altı Şimali Koreyalı işçi ilə danışıb. Onlar səhər saat 06:00-dan ertəsi gün 02:00-yə qədər davam edən ağır iş rejimindən və ildə yalnız iki gün icazə verildiyindən bəhs ediblər.

İşçilər, Şimali Koreya təhlükəsizlik agentlərinin nəzarəti altında çalışdıqlarını, tikinti meydanlarından ayrıla bilmədiklərini, həşərat basmış konteynerlərdə və ya yarımçıq binalarda yatdıqlarını bildiriblər. Xəstələrə xəstəxanaya getməyə belə icazə verilmədiyi qeyd olunub.

 

BMT qadağasına baxmayaraq on minlərlə işçi

 

2019-cu ildə BMT, Şimali Koreya vətəndaşlarının xaricdə işlədilməsini qadağan etmişdi. Lakin Cənubi Koreya kəşfiyyatına görə, təkcə ötən il 10 mindən çox işçi Rusiyaya göndərilib. Bu sayın yaxın vaxtda 50 minə çata biləcəyi ehtimal olunur.

Rəsmi rəqəmlərə əsasən, 2024-cü ildə 13 mindən çox Şimali Koreyalı Rusiyaya daxil olub, onlardan təxminən 8 mini “tələbə vizası” alıb. Mütəxəssislər bunu BMT qadağasını aşmaq üçün istifadə edilən üsul kimi qiymətləndirir.

İyun ayında Rusiya müdafiə naziri Sergey Şoyqu, 5 min Şimali Koreyalının Kursk bölgəsində bərpa işlərində çalışacağını təsdiqləmişdi.

 

Aşağı əməkhaqqı və “sədaqət payı”

 

Şimali Koreyalı işçilər, xaricdə işləməyi ölkələrindəki işlərlə müqayisədə daha gəlirli gördükləri üçün bu işlərə könüllü olur. Lakin qazancın böyük hissəsi birbaşa Şimali Koreya dövlətinə “sədaqət payı” kimi köçürülür. İşçilərə qalan 100-200 ABŞ dolları isə yalnız ölkəyə qayıtdıqda ödənilir.

Qaçqın işçilər, Orta Asiyadan gələn inşaatçılara nisbətən beş dəfə az maaş aldıqlarını, lakin üç dəfə çox işlədiklərini öyrəndikdə böyük məyusluq yaşadıqlarını bildiriblər. Bəzi rus işçilərin onlara “qul” deyə müraciət etdiyi də qeyd olunub.

 

Ölkədən qaçmaq çətinləşir

 

Əvvəllər gizli planlarla ölkədən qaçmağı bacaran bəzi işçilər, artan nəzarət səbəbindən indi bu imkandan məhrum qalıb. Şimali Koreya ideoloji təlimləri gücləndirib və işçilərin təkbaşına hərəkət etməsini qadağan edib.

Cənubi Koreya hökumətinə görə, 2022-ci ildə təxminən 20 işçi Rusiyadan qaçaraq Seula çata bilirdisə, bu rəqəm ötən il 10-a düşüb.

 





12.08.2025    çap et  çap et