BBC-nin məlumatına görə, Nepal turizmi canlandırmaq üçün gələn iki il ərzində Himalayalar bölgəsində yerləşən 97 zirvəyə dırmaşmağı pulsuz edəcək.
Dünyanın ən yüksək zirvəsi olan “Everest”ə qalxmaq üçün ödənişlər isə sentyabr ayından etibarən 10 ildən sonra ilk dəfə artırılır. Zirvə mövsümündə bu haqqın 15 min ABŞ dollarına qaldırılması planlaşdırılır.
Nepal Turizm Departamenti bu qərarın ölkənin “kəşf edilməmiş turizm potensialını və istiqamətlərini” önə çıxarmağı hədəflədiyini açıqlayıb.
Nepal alpinizmlə dolanır
Dünyanın ən yüksək 10 dağından 8-nə ev sahibliyi edən Nepal üçün alpinizm mühüm gəlir mənbəyidir. Ötən il alpinizm icazələrindən əldə edilən gəlir 5,9 milyon dollar olub və bunun üçdə birindən çoxu “Everest”dən əldə edilib.
Pulsuz dırmanışa açılan zirvələr Nepalin Karnali və Sudurpaşim bölgələrində yerləşir. 5 min 970 ilə 7 min 132 metr arasında dəyişən bu dağlar ölkənin ən kasıb və ən az inkişaf etmiş rayonlarından biridir.
Son iki ildə bu 97 zirvəyə dırmaşan alpinist sayı yalnız 68 nəfər olub. 2024-cü ildə isə “Everest”ə dırmaşmaq üçün 421 icazəsi təqdim edilib. 8 min 849 metr hündürlüyündə olan “Everest” son illərdə sıxlıq, ekoloji problemlər və ölümə səbəb olan cəhdləri ilə gündəmdədir.
Nepal Ali Məhkəməsi 2024-cü ilin aprelində hökumətə “Everest” və bəzi digər zirvələrə verilən qalxmaq icazələrinin sayının məhdudlaşdırılması barədə göstəriş verib.
Nepal Parlamentində müzakirə edilən yeni qanun layihəsi “Everest”ə qalxmaq istəyənlərin öncə ölkə daxilində 7 min metrdən yüksək bir dağa qalxmağı şərt qoyur. Bu da Karnali və Sudurpaşim bölgələrindəki pulsuz zirvələri “ideal məşq meydançası” halına gətirir.