Vaxt.Az

“Paytaxtı geri alırıq”


 

Tramp Vaşinqtona əsgər yığır

“Paytaxtı geri alırıq” ABŞ Prezidenti Donald Trampın paytaxt Vaşinqtonda “ictimai təhlükəsizlik fövqəladə vəziyyəti” elan etməsi geniş müzakirələrə səbəb olub.

Tramp dünən verdiyi açıqlamada təhlükəsizliyi təmin etmək və cinayət səviyyəsini azaltmaq məqsədilə şəhər polisinin federal idarəetməyə verildiyini, Milli Qvardiyanın şəhərə göndəriləcəyini bildirib.

“Bu gün Vaşinqtonun azadlıq günüdür, paytaxtımızı geri alırıq” deyən ABŞ Prezidenti, əsasən Nyu-York və Çikaqo kimi digər şəhərlərdə də təhlükəsizlik tədbirlərinin artırılacağını vurğulayıb.

Vaşinqtonda cinayət nisbətlərinin dünyanın bir çox paytaxtından yüksək olduğunu iddia edən Respublikaçı prezident bunun qəbuledilməz olduğunu və tədbir görülməli olduğunu bildirib.

Digər tərəfdən, paytaxt meri Müriyel Bouzer fövqəladə vəziyyət qərarını “narahatlıq doğuran” adlandırıb. Demokrat meri, Vaşinqtonda cinayət nisbətlərinin 2024-cü ildə əvvəlki ilə nisbətən 26 faiz azaldığını açıqlayıb.

Bouzer Trampın cinayətlə bağlı iddialarını əsassız sayır, Respublikaçı lider isə meriyanın təqdim etdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini vurğulayıb.

“CNN”in analizində bu addımın Trampın ikinci prezidentlik dönəmində artan avtoritar meylləri və vətəndaş institutlarının militarizasiyası istiqamətində atılan addımlarla əlaqələndirildiyi qeyd olunur. ABŞ Prezidentinin Meksika sərhədinə minlərlə hərbçi göndərməsi, Los-Ancelesdə Trampın immiqrasiya siyasətinə qarşı keçirilən etirazları yatırtmaq üçün Milli Qvardiya və ABŞ donanması hərbçilərinin səfərbər olunması da xatırlanır.

Los-Anceles meri Karen Bass, “Los-Anceles bir sınaq vəziyyəti idi, Vaşinqtondakı da belədir. Prezident deyir ki, ‘Şəhərinizi istədiyimiz vaxt ələ keçirə bilərik, başkomandanam və əsgərlərimi istədiyim kimi istifadə edə bilərəm’. Mən bunu əsgərlərimizin sui-istifadəsi və prezidentlik səlahiyyətlərinin aşılması hesab edirəm”, – deyib.

Bundan əlavə, Ceffri Epştein işi ilə bağlı sənədlərin açıqlanmaması MAGA bazasında narazılıq yaradıb. Analizlərdə Trampın bu addımının diqqətləri həmin məsələdən yayındırmaq məqsədi güddüyü qeyd olunur.

“The Wall Street Journal”ın analizində Milli Qvardiyanın Vaşinqtona göndərilməsinin Trampın ABŞ ərazisində hərbi qüvvələrin istifadəsini genişləndirmək istiqamətində ən iddialı addımı olduğu vurğulanır.

Hərbi bazaların immiqrant saxlanma mərkəzləri kimi istifadə edilməsinin artdığı qeyd olunur. Nyu-Cersi və İndiana ştatlarında belə yeni bazaların planlaşdırıldığı, Texasdakı Fort Bliss və Kubadakı Quantanamo həbsxanası kimi yerlərin artıq bu məqsədlə fəaliyyət göstərdiyi xatırladılır.

 





12.08.2025    çap et  çap et