Ermənistan, Moldova, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Tacikistan hər siyasi addımında Rusiyadan icazə almağa məcbur idi. Hətta İranda belə böyük təsir dairəsi vardı. Ölkə siyasətinə qarışır, qızıl mədənlərini ələ keçirib gəlir götürürdü.
Paşinyan inqilabına niyə göz yumdu? Çünki gözü Ukrayna torpaqlarına və yeni işğal planlarından başqa heç nə görmürdü. İndi isə Ukrayna bataqlığında ilişib qalaraq öz çərçivəsinə çəkilib. Təsir altına saldığı ölkələrin çoxu onun əlindən çıxıb.
İşğala qədər Ukraynaya indikindən daha çox nəzarət edirdi. Hökumət daxilində çoxlu klanları və casus şəbəkələri var idi. Rusdilli icma tərəfindən hörmət görür, onlardan siyasi və ictimai dəstək alırdı. Parlamentin yarısı “rusun adamı” idi.
Bir vaxtlar Çinə silah istehsalını öyrədən Rusiya indi tamamilə ondan asılı vəziyyətdədir. Çin əvvəllər torpaqlarını icarəyə alıb yerli xalqı işlədirdisə, indi çinliləri köçürərək Uzaq Şərqin sakinlərini sıxışdırır. Vaxtilə Rusiyanın diktə etdiyi Orta Asiya ölkələri isə artıq Çinin yaxın tərəfdaşına çevrilib.
Haraya baxırsan, rus dilinə və mədəniyyətinə qarşı müqavimət başlanıb. Məktəbləri, mədəniyyət evləri və nəşriyyatları bağlanır. Üç əsr Qərb dünyasından qoruduğu Qafqaza indi Amerika əsgərləri yerləşir bundan böyük məğlubiyyət yoxdur.
Rusiya indi çıxılmaz vəziyyətdədir. Tramp sanksiyaları, təzyiqi bəhrəsini verir, Hindistan kimi yağlı neft alıcısını itirdi. Avropa hər gün enerji asılılığını daha da azaldır. Savaşı davam etdirməyə resursu azalır.
Savaşı durdursa, ikinci problem yaranır: milyondan çox veteranı yedizdirməli, problemlərini həll etməlidir. Əsgər meyitləri morqlarda gizlədib, itkinlik adı ilə on minlərlə ailənin pulunu gecikdiribsə, indi verməlidir. Tutalım, atəşkəs qarşılığında işğal etdiyi ərazilər donduruldu, qaldı Rusiyada, dağılmış şəhərləri nə ilə bərpa edəcək?
Mövcud gedişat göstərir ki, yaxın beş ilə Rusiya daxilində separatizm meylləri güclənəcək. Çünki veteranın çoxu qeyri-rus millətlərdir. Qlobal siyasətdə əvvəlki “təhlükəli oyunçu” statusu yox olacaq. Rusiyanın imperiya dövrünün sonunun başlanğıcı çoxdan başlayıb.