Vaxt.Az

Sülh sazişinin açıq qalan məqamları


 

Sənəddə erməni xalqının günahı mütləq qeyd olunmalıdır...

Sülh sazişinin açıq qalan məqamları Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin mətninin ötən gün hər iki ölkənin xarici işlər nazirlikləri (XİN) tərəfindən yayımlanması, ictimai rəyə təqdim edilməsi yaxşı addımdır. Hər iki ölkənin xalqları 17 maddədən ibarət mətnin detallarını bilməlidir.

Regionda sülh gündəliyinin təşəbbüskarının və sülh müqaviləsinin mətninin müəllifinin də məhz Azərbaycan olduğunu nəzərə alsaq, sazişin paraflanmış mətni hüquqi baxımdan həqiqətən də mükəmməl mətndir və maksimal dərəcədə sülhpərvərdir. Yəni ki, təkcə bu mətnin əsasında bizim nə qədər sülhsevər dövlət və sülhsevər xalq olduğumuzu bütün dünyaya əyani nümayiş etdirmək olar.

Lakin bununla yanaşı, Rusiyanın himayəsi və birbaşa dəstəyilə ermənilərin son 200 ildə xalqımıza qarşı davamlı terror və soyqırımlarını həyata keçirməsini, 1987-2023-cü illərdə isə torpaqlarımızda işğal və separatçılıq siyasəti yürütməsini nəzərə alsaq, paraflanmış saziş mətni tarixi-siyasi nöqteyi-nəzərdən qüsurlu mətndir. Çünki bu mətndə Ermənistanın işğalçı ölkə olması faktı öz əksini tapmayıb.

Eləcə də Ermənistan tərəfinin BMT-nin məlum qətnamələrini yerinə yetirməkdən, işğala son qoymaqdan uzun müddət imtina etməsi və Azərbaycan tərəfinin öz torpaqlarını işğaldan müharibə yoluyla azad etməyə, beynəlxalq hüququ dinc yolla yox, məhz hərbi yolla bərpa etməyə məcbur qalması, müharibənin işğalçı ölkənin (Ermənistanın) kapitulyasiyası ilə başa çatması da saziş mətnində yer almayıb. Hal bu ki, söhbət yekun sülh müqaviləsindən gedirsə, o zaman bu müqaviləni imzalayacaq tərəflərdən hansının işğalçı və hansının işğala məruz qalan ölkə olduğu mütləq qeyd edilməliydi.

Həmçinin, müharibə və 30 ilə yaxın davam edən işğal nəticəsində Azərbaycana nə qədər maddi (mədəni, ekoloji, humanitar) zərər dəydiyi də sazişin mətnində mütləq şəkildə qeyd olunmalı və buna uyğun olaraq işğalçı ölkəyə qarşı təzminat tələbi irəli sürülməliydi. Belə bir tələbin irəli sürülməsi Ermənistanın indiki və gələcək liderlərinin Azərbaycana vurulan ziyana görə hüquqi və mənəvi məsuliyyət daşımasını təmin edə bilərdi. Lakin paraflanmış saziş mətnindən isə görünür ki, Azərbaycan tərəfi, nədənsə, bu təzminatdan imtina edib.

2-ci maddədə tərəflər hazırda bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edir, digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini tamamilə və ya qismən parçalamağa yönəlmiş hər hansı bir hərəkətə, o cümlədən belə hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə və dəstəklənməsinə yol verməyəcəkləri barədə öhdəlik götürürlər. Bu isə o deməkdir ki, əgər biz bu sazişi imzalasaq, tarixi torpağımız olan Zəngəzuru geri almağımızdan imtina etməli olacağıq. Eyni zamanda, ermənilər bu maddədən gələcəkdə bizim Qərbi Azərbaycana qayıdış tələbimizə qarşı da istifadə edə bilərlər. Çünki onlar iddia edirlər ki, Azərbaycan rəsmilərinin və Azərbaycan mediasının "Qərbi Azərbaycan" ifadəsindən istifadə etməsi Ermənistana qarşı ərazi iddiası deməkdir.

Odur ki, yekun sülh sazişi məhz bu mətn əsasında imzalanarsa, bizim gələcəkdə Qərbi Azərbaycana qayıdış kampaniyasını əvvəlki kimi aktiv şəkildə aparmağımız mümkünsüz hala gələcək. Çünki ermənilər bizi sülh sazişinin prinsiplərini pozmaqda, Ermənistana qarşı ərazi iddiası irəli sürməkdə ittiham edəcəklər.

Zəngəzur dəhlizinin Ermənistanın yurisdiksiyası altında qalmaqla "Tramp Marşrutu" adlandırılması da bu tarixi-coğrafi adın getdikcə arxa plana keçməsinə və zamanla unudulmasına səbəb olacaq. Dəhlizin öz tarixi adıyla adlandırılması isə Zəngəzurun Azərbaycanın tarixi torpağı olduğu faktını daim dünyanın diqqət mərkəzində saxlamağımıza imkan verərdi.

Dünya təcrübəsindən də bilindiyi kimi, adətən, sülh müqavilələrində, həmin müqavilələri imzalayan ölkələr arasında müharibənin, işğal faktorunun səbəbi mütləq öz əksini tapır və o da qeyd olunur ki, bundan sonra işğalçı tərəfin tarixi və tarixi-siyasi iddialarına həmişəlik son qoyulmalı, tarixi mövzular isə iki ölkə arasında münasibətlərə zərər verməməli, yeni mübahisələrə, münaqişələrə səbəb olmamalıdır.

Və eləcə də, bu cür sülh müqavilələrində işğalçı ölkənin xalqının, ictimai qurumlarının da (indiki halda erməni xalqının və erməni kilsəsinin də) baş vermiş müharibəyə və törədilmiş soyqırımlarına, vandalizmə görə məsuliyyət daşıdığı qeyd olunur.

Bu kimi kritik məqamların sülh müqaviləsində öz əksini tapması təkcə müharibəni törədən dövlətin yox, o dövləti quran və o dövləti işğalçılığa, irqçiliyə, terrorizmə təhrik edən xalqın, cəmiyyətin özünün də boynuna həmişəlik məsuliyyət qoyur.

Məhz bunun nəticəsidir ki, almanlar bu gün də özlərini yəhudi xalqının qarşısında günahkar hesab edirlər.

Ermənilər də özlərini bizim qarşımızda daim günahkar hiss etməlidirlər. Çünki Birinci Qarabağ müharibəsinin və işğalın əsas qaynağı Ermənistan dövlətindən öncə erməni xalqı, erməni kilsəsi idi. Ona görə də sülh sazişi də ermənilərə daim bizə qarşı törətdikləri müharibənin günahını xatırlatmalıdır.

Başqa sözlə desək, sülh sazişinin mətni erməni xalqını irqçilikdən, faşizmdən, türkəfobiyadan davamlı şəkildə müalicə edən ƏSAS SƏNƏDə çevrilməli və necə deyərlər, sanitar rolunu oynamalıdır.

P.S. Məşhur alman filosofu və psixiatrı Karl Yaspersin Nürnberq prosesinin gedişi zamanı (1946-cı ildə) dərc etdirdiyi "Müqəssirlik məsələsi" adlı traktatında müharibənin baş verməsinin səbəbləri sırasında kollektiv məsuliyyət və fərdi məsuliyyət məsələlərinə toxunaraq, "Müharibə törədən xalqın hər bir fərdi nə qədər günahkardır?" sualına cavab tapmağa çalışıb və 5 günah tipini müəyyənləşdirib.

K.Yaspersin nəzəriyyəsinə əsaslanaraq tam əminliklə deyə bilərik ki, ermənilər də Azərbaycana qarşı müharibə, terror və soyqırımlarının törədilməsinə görə həm total (kollektiv), həm də fərdi məsuliyyət daşıyırlar. Ona görə də sülh sazişində erməni xalqının da məsuliyyət daşıdığı fiksə olunmalıdır.

 





13.08.2025    çap et  çap et