ABŞ inflyasiya məlumatları gözləntilərə paralel gəlməklə inflyasiya narahatlıqlarını yüngülləşdirdi və sentyabr ayında FED-in faiz endirəcəyi gözləntilərini artırdı. Bu gözləntilərlə səhmlər rekord səviyyələrə yüksəldi.
“MSCI All Country World Index” “Wall Street” indekslərini izləyərək 0,2% artımla bütün zamanların ən yüksək səviyyəsinə çatdı. Əvvəlcə “S&P 500” indeksi günü 1,13% artımla rekord səviyyədən tamamlamışdı.
Asiyada Yaponiyanın “Nikkei 225” indeksi də zirvəyə çatdı, Tayvan birjası isə rekord səviyyəyə yaxınlaşdı. Asiya səhmlərinin “MSCI” göstəricisi 1,1% artdı. Şanxay birjası isə dekabr 2021-dən bəri ən yüksək səviyyəsinə sıçradı.
“Wall Street”in qorxu göstəricisi olaraq adlandırılan “Cboe Volatilite Endeksi” dekabr ayından bəri ən aşağı səviyyəyə enib. Xəzinə istiqrazları bazarındakı oynaq vəziyyət də azalıb və gələcəkdəki dəyişiklikləri ölçən “ICE BofA MOVE Endeksi” yanvar 2022-dən bəri ən aşağı səviyyəyə düşüb. Yaponiyada beşillik dövlət istiqrazı hərracında tələb nisbəti 2020-dən bəri ən aşağı səviyyəyə enib. Yen 0,1% dəyər itirib. Xəzinə istiqrazları və dollar indeksi isə sabit qalıb.
Faiz endirimi gözləntiləri yenilənir
Bazarlar FED-in qarşıdakı aylarda faiz endirimlərinə gedəcəyinə dair gözləntilərinin gücləndiyini göstərir. İnflyasiya məlumatlarından sonra investorlar swap bazarına və istiqrazlara yönəlməyi sürətləndirib.
Sentyabr ayı üçün faiz endirim ehtimalı swap bazarında təxminən 90% səviyyəsində qiymətləndirilir. Fed-in sentyabr ayında faizləri 25 baza bəndindən çox endirəcəyi gözləntiləri də artıb. Bu gözlənti ilə investorlar “SOFR” mövqelərinə təxminən 2 milyon dollar əlavə edib.
“BlackRock”un qlobal sabit gəlirli qiymətli kağızlar üzrə baş investisiya meneceri Rik Rider yayımladığı qeyddə bildirib: “İnflyasiya göstəricisi, əvvəlki bir neçə ayda gördüyümüzdən bir az güclü olsa da, bir çox insanın qorxduğundan aşağı oldu. Nəticədə, Fed-in sentyabr ayında faiz endirimlərinə başlamasını gözləyirik və faizi 50 baza bənd endirməsi haqlı ola bilər”.
Buna baxmayaraq, ehtiyatlı analitiklər də mövcuddur. “New Century Advisors”un baş iqtisadçısı Klodiya Sahm “Bloomberg TV”də bildirib: “Sentyabr ayı (faiz endirimi) hələ təsdiqlənməyib. Bunu təsdiqləyəcək məlumatları hələ görməmişik”.