Aynur və Sakit 2015-ci ildə ailə həyatı qurublar. Onların ümumi övladı olmayıb. Aynurun əvvəlki həyat yoldaşından iki, Sakitin isə üç övladı olub. Eyni zamanda, Sakitin qardaşının həyat yoldaşı vəfat etdiyindən, həmin ailənin iki övladı da onların himayəsində olub.
Nizami rayonunda daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan Sakit başqa bir qadınla münasibət qurub. Bir gün Aynur həyat yoldaşının telefonunda onun yazışmalarını aşkar edib və ailədə mübahisələr yaranıb.
Bir müddət əvvəl ər-arvad arasında yenidən mübahisə baş verib və Sakit evi tərk edərək işə gedib.
Axşam evə qayıtdıqdan sonra Sakit Aynurdan çay istəyib. Aynur cavabında deyib: “Get o yazışdığın qadına de, sənə çay gətirsin”. Bu zaman yenidən mübahisə başlayıb və Sakit yataq otağına keçərək uzanıb. Bir neçə saat sonra hələ də sakitləşməyən Aynur onu öldürmək qərarına gəlib, mətbəxdən bıçaq götürərək səssizcə yataq otağına keçib. Kişinin yatdığını zənn edən qadın ona ürək, boğaz və boyun nahiyəsinə 9 bıçaq zərbəsi endirib.
Ərinin öldüyünü güman edən qadın mənzildən çıxaraq pilləkənlərdə oturub. Bu zaman yaralı Sakit onun yanına çıxaraq ondan su və mobil telefon istəyib. Qadın əvvəlcə ona su, sonra isə telefon verib. Sakit təcili yardıma zəng edib və xəstəxanaya aparılaraq əməliyyat olunub.
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində cinayətdə şübhəli bilinən Aynur Zərbəliyeva saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb və A.Zərbəliyeva barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məlum olub ki, A.Zərbəliyeva həyat yoldaşı ilə barışıb.
Məhkəmənin hökmü ilə A.Zərbəliyeva 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.