BEA-ın aylıq hesabatına görə, gələn il tələbat artımının zəifləməsi və təklifin çoxalması nəticəsində neft ehtiyatları gündəlik 2,96 milyon barel artacaq. Bu göstərici hətta 2020-ci ildə pandemiya dövründə qeydə alınan orta artımı da geridə qoyacaq: “Son məlumatlar böyük iqtisadiyyatlarda tələbin zəif olduğunu göstərir və istehlakçı inamı hələ də aşağı olduğundan kəskin bərpa ehtimalı uzaq görünür”.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC+ koalisiyası dayandırılmış hasilatın bərpasını sürətləndirib. BEA isə xüsusilə Amerika qitəsi başda olmaqla, 2026-cı ildə qrup xaricində hasilat proqnozlarını bir qədər artırıb.
Bu il OPEC+ qrupunun təklif artımının da təsiri ilə xam neftin qiyməti təxminən 12 faiz ucuzlaşıb.
Paris mərkəzli qurum, Çin, Hindistan və Braziliyadakı gözləniləndən zəif tələbat səbəbindən bu il qlobal neft istehlakının gündəlik 680 min barel artacağını, bunun da əvvəlki 700 min barel proqnozunun altında qalacağını bildirib. Bu, 2019-cu ildən bəri ən aşağı səviyyədir.
BEA həmçinin, ölkələrin fosil yanacaqlardan elektrikli nəqliyyat vasitələrinə keçidi ilə birlikdə bu onilliyin sonunda qlobal neft tələbatı artımının dayanacağını proqnozlaşdırıb.