Vaxt.Az

Zelenskinin Berlinə sürpriz səfəri


 

Avropa Birliyi və müttəfiqləri Tramp-Putin görüşünün müzakirəsinə başlayıb

Zelenskinin Berlinə sürpriz səfəri Ukrayna Prezidenti Vladimir Zelenski, Almaniya Baş naziri Fridrix Merzin dəvəti ilə keçiriləcək video konfrans görüşməsi üçün Berlindədir.

Zelenskini daşıyan təyyarə günorta saatlarında Berlində yerləşən Brandenburq Hava Limanına enib. Buradan helikopterlə Almaniya Baş nazirliyinə keçən Zelenski, Almaniya Baş naziri Fridrix Merz tərəfindən Baş nazirlik bağçasında qarşılanıb.

Merz və Zelenski kameralar qarşısında görüntü verdikdən sonra təkbətək görüşüblər.

Daha sonra Merz və Zelenski Finlandiya, Fransa, İngiltərə, İtaliya, Polşa dövlət və hökumət başçıları, Avropa Birliyi (AB) Komissiyası Prezidenti Ursula von der Leyen, AB Şurası Prezidenti Antonio Kosta, NATO Baş katibi Mark Ruttenin qatılacağı onlayn Ukrayna toplantısına daxil olacaqlar.

İkinci video konfrans görüşməsi isə ilk toplantıya qatılan hökumət və dövlət başçıları ilə ABŞ Prezidenti Donald Tramp və Vitse-prezident Ceyms Devid Vens arasında baş tutacaq.

Hər iki görüşmədə Ukraynada son vəziyyət müzakirə olunacaq. ABŞ Prezidenti Tramp ilə Rusiya Prezidenti Putin arasında avqustun 15-də Alyaska ştatında keçiriləcək görüşdə müzakirə ediləcək mövzular barədə fikir mübadiləsi aparılacaq.

Görüşlərdə Avropa liderləri Rusiyaya təzyiq göstərmək üçün digər hərəkət variantlarını nəzərdən keçirəcək, mümkün sülh danışıqları üçün hazırlıqlar və buna bağlı ərazi tələbləri və təminatlar müzakirə olunacaq.

***

Zelenskinin sürpriz Berlin səfəri səbəbindən paytaxtda güclü təhlükəsizlik tədbirləri görülüb. Baş nazirlik ətrafına dəmir baryerlərlə təhlükəsizlik dairəsi yaradılıb, küçələr avtomobil və piyadalar üçün bağlanıb.

Baş nazirlik yaxınlığındakı Almaniya Federal Məclisi (Bundestaq) metro stansiyası sərnişinlər üçün bağlanıb. Küçələrdə atlı polislər artırılıb. Baş nazirlik ətrafındakı binalara snayperlər yerləşdirilib.

 





13.08.2025    çap et  çap et