Vaxt.Az

Kilsədə korrupsiya


 

Saxta qəbzlər, xəyali təchizatçılar adıyla milyonlarla dollar mənimsənilib

Kilsədə korrupsiya Kenyada Metodist Kilsəsinin yüksək vəzifəli rəhbərlərinin saxta qəbzlər, xəyali təchizatçılar və layihələrlə 4,6 milyon dollar xərclədiyi ortaya çıxıb.

Vaxt.az xəbər verir ki, Kenyada fəaliyyət göstərən müstəqil audit və məsləhət firması Ronalds LLP və kilsə tərəfindən təyin olunan yeddi üzvdən ibarət komitə Metodist Kilsəsinin tarixindəki ən böyük qalmaqalı üzə çıxarıb.

Araşdırma nəticəsində kilsənin yüksək vəzifəli rəhbərlərinin 4,6 milyon dollar və digər resursları qanunsuz şəkildə istifadə etdiyi və mənimsədiyi aşkar edilib.

Kenyanın “Daily Nation” qəzetində dərc olunan araşdırma nəticələrinə görə, audit zamanı qrant müqavilələri, layihə hesabatları və iştirakçı siyahıları tapılmayıb.

Hesabatda vurğulanıb ki, bu sənədlər layihələrin donor müqavilələrinə uyğun şəkildə həyata keçirilib-keçirilmədiyini təsdiqləmək üçün vacibdir. Quraqlıqla mübarizə aparan icmalara göndərilməsi nəzərdə tutulan ərzaq yardımlarının sistematik olaraq başqa yerlərə yönləndirildiyi, saxta qəbzlər, xəyali təchizatçılar və layihələrlə mürəkkəb plan həyata keçirildiyi qeyd edilib.

Hesabatda ərzaq yardımlarının oğurlanıb satıldığı və xəyali şirkətlərə ödənişlər edildiyi bildirilir.

Kilsəyə aparılan audit, ölkədə dini qurumların ianə və ictimai töhfələri idarə etmə üsullarına dair artan nəzarət və tənqidlərin yaşandığı bir dövrə təsadüf edir.

Keniya Etik və Korrupsiyaya Qarşı Mübarizə Komissiyası hələ rəsmi istintaq açıb-açmayacağı barədə açıqlama verməyib.

Hüquq mütəxəssisləri isə audit hesabatının fırıldaqçılıq, oğurluq və vəzifə sui-istifadəsi kimi ittihamlarla cinayət təqibi üçün kifayət qədər sübut təqdim etdiyini bildiriblər.

 





13.08.2025    çap et  çap et