Vaxt.Az

Gözlər Alyaska zirvəsində


 

Dünya sabahkı görüşdə Trampın Putinə təkliflərini müzakirə edir

Gözlər Alyaska zirvəsində Tramp Putini sülhə razı sala bilmək üçün Rusiyanın Ukraynada ələ keçirdiyi bölgələrin təbii sərvətlərini sanksiyalara məruz qalmadan istifadə edə biləcəyi iqtisadi təşviqlər təqdim etməyi planlaşdırır. Təkliflər arasında Ukraynanın nadir torpaq minerallarına çıxış hüququ, Alyaska ətrafındakı təbii sərvətlərin istifadəsi və rus şirkətlərinə yönəlmiş bəzi sanksiyaların ləğvi yer alır.

Tramp dünən keçirdiyi mətbuat toplantısında Putinin razılığa gəlməməsi halında “ağır nəticələrlə” qarşılaşacağını bildirdi. ABŞ Prezidenti görüşdən sonra Ukrayna Prezidenti Vladimir Zelenski ilə də ikinci bir toplantı keçirməyi planlaşdırır.

Putin isə indiyədək açıqlamalarında sanksiyaların təsirsiz olduğunu və ABŞ-ın iqtisadi təzyiq siyasətinə baxmayaraq Rusiyanın iqtisadiyyatının yaxşı vəziyyətdə olduğunu bildirib.

 

Zirvə hazırlıqları və təhlükəsizlik təminatları

 

Tramp, Alyaskada keçiriləcək ilk görüşün uğurlu keçməsi halında qısa müddətdə ikinci bir görüş təşkil etməyi planlaşdırdığını bildirdi. Zirvə öncəsi Zelenski, İngiltərə Baş naziri Keir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Baş naziri Fridrix Merz ilə onlayn görüşlər keçirildi. Görüşlərdə Ukraynanın təhlükəsizlik təminatları müzakirə olundu.

Kiyev hökuməti, Rusiya ilə barış əldə olunarsa, Avropa ölkələri və ABŞ tərəfindən Ukraynaya təhlükəsizlik zəmanətləri verilməsini və Ukraynanın NATO və Avropa Birliyinə qoşulma prosesinin başlanmasını tələb edir. Rusiya isə bu təklifi rədd edərək, müharibə sonrası Ukraynanın “müstəqil” dövlət olmasını və ərazilərin “tampon zona”ya çevrilməsini istəyir.

Zelenski, avqustun 1-də Merz ilə keçirdiyi birgə mətbuat toplantısında Trampın təhlükəsizlik təminatlarını dəstəklədiyini və ABŞ-ın iştirak etməyə hazır olduğunu açıqladı.

 

Ukrayna mədənlərinə çıxış və Alyaska resursları

 

“The Telegraph”un xəbərinə görə, ABŞ Putinə Ukraynadakı qiymətli minerallara çıxış imkanı verəcək təkliflər hazırlayır. Lityum rezervlərinin dünya üzrə təxminən 10%-i bu bölgədə yerləşir və iki ən böyük yataq Rusiyanın nəzarətindədir. Trampın təklif etdiyi razılaşma Rusiyanın işğal etdiyi ərazilərdən ciddi gəlir əldə etməsinin yolunu aça bilər.

Eyni zamanda, Tramp Rusiyaya Alyaska ətrafındakı təbii sərvətlərdən yararlanmaq imkanı təqdim etməyi planlaşdırır. Bering Boğazındakı bu bölgənin dünya neft ehtiyatlarının təxminən 13%-ni əhatə etdiyi hesablanır.

Planlaşdırılan təşviqlər arasında Rusiyanın hava nəqliyyatı sektoruna yönəlmiş ixrac qadağalarının ləğvi də var. 2022-ci ildən sonra tətbiq olunan bu məhdudiyyətlər Rusiyanın uçuş avadanlığı və xidmətlərinə çıxışını əhəmiyyətli dərəcədə məhdudlaşdırırdı.

 

Zirvədən gözləntilər

 

Ağ Ev sabah keçiriləcək görüş öncəsi gözləntilərin yüksək tutulmaması lazım olduğunu bildirdi. Tramp isə toplantının əsas məqsədinin Putinin sülh mövzusundakı mövqeyini anlamaq olduğunu söylədi.

Ağ Ev sözçüsü Livitt avqustun 13-də keçirdiyi mətbuat brifinqində görüşün Alyaska ştatının Ankoric şəhərində baş tutacağını və Tramp ilə Putin arasında üz-üzə keçiriləcəyini bildirdi: “Prezident üçün bu toplantının məqsədi, bu müharibəni necə sona çatdıra biləcəyimizi daha yaxşı anlamaqla oradan ayrılmasıdır”.

 





14.08.2025    çap et  çap et