Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasıl Malyuk ukraynalı agentlərin strateji rus hərbi hava bazalarını hədəfə alan “Hörümçək Toru Əməliyyatı”nı hazırlayarkən Rusiyanın Çelyabinsk şəhərində saxta şirkət yaratdıqlarını deyib.
Rusiyaya qarşı ən böyük hücum idi
Cəbhə xəttindən minlərlə kilometr uzaqda həyata keçirilən bu dərin əməliyyatda, Rusiyaya qaçaq yolla daxil edilən “FPV” (“First Person View”) PUA-larından istifadə olunub və beş hava bazası hədəfə alınıb. Bu, üç il yarımlıq müharibədə Rusiyaya qarşı ən böyük hücum olub.
Əməliyyat, Moskva üçün ciddi təhlükəsizlik boşluğu mənasına gəlməklə yanaşı, Rusiya Prezidenti Vladimir Putinin hərbi gücünə də zərbə vurub. Rusiya hava donanmasının təxminən 10 faizi sıradan çıxıb.
Aylarla davam edən gizli hazırlıq
Malyuk bildirib ki, ukraynalı agentlər Çelyabinskdə yerli Rusiya təhlükəsizlik idarəsinin dərhal yaxınlığında ofis və anbar icarəyə götürüblər. Logistika şirkəti görüntüsü altında beş yük maşını alıblar, sürücü tutublar və müxtəlif mallar daşıyaraq kimliklərini gizlədiblər.
150 “FPV” PUA qəbul edildikdən sonra, cihazlar mənfi 40 dərəcəyə çatan soyuqda işlək vəziyyətdə saxlanılıb. Bunun üçün müxtəlif enerji mənbələri, günəş panelləri və digər avadanlıqlardan istifadə olunub.
Malyuk deyib ki, kənardan adi “FPV” kimi görünən bu dronlar önəmli xüsusiyyətlərlə təchiz olunub.
Əməliyyat üçün xüsusi partlayıcı hazırladılar
Hücum başlığı “xüsusilə bu əməliyyat üçün hazırlanmış” xüsusi qarışıq partlayıcıdan ibarət iki hissədən təşkil olunub. Bu yük, təyyarə gövdəsini deşib daxili partlayış yaratmaq üçün kumulyativ-yüksək partlayış təsirinə malik idi. Agentlər, yük maşını sürücüləri hədəf hava bazalarına yola çıxmadan əvvəl Rusiyanı tərk ediblər. PUA-lar, uzaqdan açıla bilən, damı çıxarıla bilən taxta konteynerlərə yerləşdirilmişdi.
Hədəflər arasında Rusiyanın nüvə silahı daşımaq qabiliyyətinə malik bombardmançı təyyarələri və ən azı bir “A-50” erkən xəbərdarlıq təyyarəsi olub. Əməliyyatın ümumi zərərinin təxminən 7 milyard dollar olduğu bildirilir.