Vaxt.Az

Avropa narahatdır


 

AB liderləri Trampı Rusiyaya güvənməməyə çağırdı

Avropa narahatdır Almaniyanın ev sahibliyi etdiyi Ukrayna mövzusunda keçirilən onlayn toplantının ardından açıqlama verən Polşa Baş naziri Donald Tusk bildirdi ki, “Avropa, Donald Trampı Rusiyaya güvənilə bilməyəcəyinə inandırmalıdır”.

Baş nazir Tusk açıqlamasında deyib ki, toplantıda Trampın Rusiya Prezidenti Vladimir Putin ilə görüşünün gedişinə necə müsbət təsir göstərə biləcəklərini müzakirə ediblər.

Tusk qeyd edib ki, Tramp və Putin arasında avqustun 15-də Alyaskada planlanan görüş böyük ehtimalla yekun həllə gətirməyəcək, lakin atəşkəs üçün nisbi sürətli qərarların ilk addımı ola bilər.

Trampın ortaq mövqe eşitməsinin vacib olduğunu və bugünkü toplantıda ortaq mövqe müəyyənləşdirməyə nail olduqlarını deyən Tusk vurğulayıb: “Avropanın, Donald Trampı Rusiyaya güvənilə bilməyəcəyinə inandırması ən önəmli məsələdir”.

Polşanın mövqeyinin Ukrayna ilə bağlı danışıqların necə aparılmalı olduğuna digər ölkələr üçün yol göstərdiyini bildirən Tusk əsas məsələnin, “Rusiyanın qonşularının sərhədlərini müəyyən etmək hüququnu tanımaq barədə heç kimin düşünməməsi” olduğunu qeyd edib.

Tusk, Rusiyanın danışıqlara NATO ölkələrinin təhlükəsizliyini daxil etmə və Polşadakı, o cümlədən müttəfiq hərbçilərin sayını azaltmaq cəhdlərinə qarşı xəbərdarlıq edib.

Rusiyanın Ukraynada ədalətli sülhə imkan verməyə məcbur edilməli olduğunu deyən Tusk, Ukraynanın faktiki olaraq təslim olması demək olacaq şərtlərin heç kəs tərəfindən diktə edilə bilməyəcəyini əlavə edib.

Tramp və Putin avqustun 15-də ABŞ-ın Alyaska ştatında Ukrayna məsələsini müzakirə edəcəklər.

NATO Baş katibi Mark Rutte, Tramp, Ukrayna Prezidenti Vladimir Zelenski, Avropa Birliyi (AB) Komissiyası Prezidenti Ursula von der Leyen, AB Şurası Prezidenti Antonio Kosta və digər Avropa liderləri bu görüşdən əvvəl Ukrayna mövzusunda onlayn toplantıda bir araya gəlmişdilər.

Almaniyanın dəvəti ilə keçirilən toplantıda liderlər, Rusiya ilə diplomatik həll imkanı yarandığı halda Ukrayna və Avropanın təhlükəsizlik maraqlarının qorunması və təsirinin təmin olunması məsələlərini müzakirə ediblər.

 





14.08.2025    çap et  çap et