Vaxt.Az

Yeni beynəlxalq nizam


 

Alyaska seçimi ABŞ-ın Rusiyaya açıq mesajıdır

Yeni beynəlxalq nizam ABŞ və Rusiya liderləri arasında yaxın saatlarda baş tutacaq Alyaska görüşündə Ukrayna münaqişəsinin həlli üçün ərazi mübadiləsinin əsas müzakirə mövzusu olacağı bildirilir. Qərbin aparıcı media orqanlarında Sam Qrinin (Greene) Alyaska görüşünə dair iddiasına xüsusi yer verilir. Qrinin iddiasına görə, görüş məkanının 1867-ci ildə Çar Rusiya tərəfindən ABŞ-a satılan Alyaskada keçirilməsi də məhz bununla əlaqədardır. Yəni, Tramp Administrasiyası görüş məkanı olaraq Alyaska seçimi ilə ərazi mübadiləsinin mümkünlüyünə dair açıq mesaj verir.

Ərazi mübadiləsinin aktuallaşması Ukrayna münaqişəsindən daha önəmli məsələdir. Məlum olduğu kimi, ərazi bütövlüyünün qorunması, sərhədlərin toxunulmazlığı, bir sözlə hərbi güc ilə təktərəfli qaydada ərazi ələ keçirilməməsi İkinci Dünya müharibəsindən sonra böyük güclər arasında qurulmuş nizamın əsas prinsiplərindən biri hesab olunur və BMT Nizamnaməsinin 2-ci maddəsində bu prinsip yazılı olaraq öz əksini tapıb.

Bu mənada, Tramp hakimiyyətinin Alyaska görüşündə sərhəd dəyişikliklərinin mümkün olacağı yeni bir dünya nizamı yaratmaq marağında olduğunu iddia etmək olar. Rusiya tərəfindən işğal edilmiş ərazilərin tanınması isə qlobal müstəvidə bir hadisə olacaq və şübhəsiz ki, belə bir presedent sərhəd dəyişikliyi tələb edən bir çox donmuş münaqişəni yenidən alovlandıracaq.

Bir sözlə, Alyaska görüşü mövcud Yalta sisteminin və BMT-nin süqutunu şərtləndirərək, yeni beynəlxalq nizamın ilkin çərçivəsini müəyyən edə bilər.

 





15.08.2025    çap et  çap et