“Brent” xam nefti 42 sent və ya 0,63% düşərək barel başına 66,18 dollara geriləyib. Sentyabr təslimatlı ABŞ Qərbi Texas (“WTI”) xam nefti 45 sent ucuzlaşaraq 62,97 dollara düşüb. Daha aktiv olan oktyabr təslimatlı “WTI” 44 sent azalma ilə 62,26 dollara enib.
Ucuzlaşma dünənki təxminən 1%-lik artımdan sonra baş verib.
Neft tacirləri, ABŞ Prezidenti Donald Tramp (Donald Trump) Zelenski və Avropalı müttəfiqlərini Vaşinqtonda qəbul etdikdən sonra, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə üçtərəfli zirvə keçiriləcəyi xəbərinə reaksiya verirlər.
“TD Securities”də əmtəə strategiyası üzrə rəhbər olan Bart Melek bir qeydində bildirib ki, sanksiyaları azaldan və ya ikinci dərəcəli tariflərdən yayınan hər hansı bir addım, nefti 2025-ci ilin 4-cü rübü və 2026-cı ilin 1-ci rübündə orta hesabla 58 dollara doğru itələyə bilər.
Lakin diplomatiyada uğursuzluq və ya ABŞ-ın Rusiya neft alıcılarına qarşı təzyiqinin yenidən artması xam neft qiymətlərini son dövrlərin ən yüksək səviyyəsinə qaytara bilər.
Azərbaycan brendi “Azeri Light” nefti 0,34 dollar və ya 0.46% ucuzlaşaraq, 73,21 dollara ticarət olunur.