O vaxt teatra olan sevgi, eşq məni bu sahədə saxladı. Rövşən İsaq, İntiqam Soltan və İlqar Cahangir yenidən teatra qayıtmağıma təkan verdilər.
İndi istəyirəm özüm də iş görüm. Qarabağ mövzusunda serial çəkməyi planlaşdırıram. Bu ideyanın reallaşması üçün maddi imkan lazımdır.
Mənim fikrimcə, müharibə mövzusu heç vaxt çeynənmiş olmur. Müharibəni heç bir güllə atmadan oturduğumuz bu stolun üstündə də göstərmək olar.
Mən müharibədə dostumu itirmişəm. Bir sinifdə oxumuşduq. Onu Şuşada güllələdilər. O, mənim üçün ən qiymətli insanlardan biri idi. Bəzən belə danışanda deyirlər ki, niyə torpaqlar haqda belə demirsən? Biz torpaqları itirməmişik. O torpaqlar bizi itirib və özünə yeni sakinlər tapıb. O sakinlər də orada müvəqqəti yaşayır, bir gün biz ora qayıdacağıq. Bu, artıq bizim təpərimizdən asılıdır.
«Oda» teatrı bağlanmayıb. «Oda» sadəcə, sezonu qapayıb. İndi istəyirik əvvəlki məkanımızdan geniş yer tapaq. Azərbaycanda hər kəs öz işi ilə məşğul olsa, bizim işlərimiz çox əla gedər.
Problemsiz insan ola bilməz. Problemin yoxdursa, onda sən nəyə görə yaşayırsan? Problemlər təkcə «Oda» teatrında olmur. İşıqpulu, supulu problem deyil. Problem gələcək nəslin necə böyüməyidir.
Tamaşanın yaxşı alınması üçün əsas üç komponent olmalıdır: dramaturji material, aktyor və ssenari. Bunların hamısı üst-üstə düşəndə normal bir iş alınır. «Arzular bağı»ında dramaturji material maraqlı idi. İlqar Cahangir təklif etdi, İmaməddin Həsənov hazırladı, məni də dəvət etdilər. Məncə, biz orada böyük heç nə etmədik, sadəcə, öz işimizlə məşğul olduq. İnsanları teatra gəlməyə məcbur etmək olmaz, maraq oyatmaq lazımdır.
Aktyorlar 170 manat məvaciblə işləyir və buna dözürlərsə, ortaya sual çıxır ki, necə yaşayırlar? 170 manatı 30 günə böləndə biz ölməliyik, amma ölmürük... Bu gün 160-170 manata dözən aktyorlar varsa, onları qorumaq lazımdır. Teatr işçilərini saxlamaq lazımdır, indi teatra işçi tapmaq çox çətindir.
Elə olur, gedib alçipan vururam, tikintidə işləyirəm. Tikintidə olanda da fikrim teatrda olur. Gələcəyə ümidlə baxırıq. Bizim bəxtimizə düşən də budur. Neynəməliyik?
Bu gün Azərbaycanda rejissor teatrları olmalıdır. Təəssüflər olsun ki, indi bizdə direktor teatrlarıdır. Hansı ki, direktorlar teatrın texniki problemlərini həll etməlidir. Yaradıcılıq tamamilə rejissorun olmalıdır. Amma bizdə o, yoxdur.
Azərbaycan teatrının əsas problemi avtoritetlərin olmamasıdır. Azərbaycan teatrında Ədil İsgəndərov kimi insanlar olub. Bu gün Xalq artistlərimizin çoxu məmurlarla görüşəndə sənət haqqında yox, öz uşaqlarını işə düzəltmək haqqında danışırlar. Belə adamdan avtoritet olar?
İntiqam Soltan mənə dedi ki, Bakı Uşaq Teatrında işləmək istəyirsənsə və işə məsuliyyətlə yanaşacaqsansa, gəl. İki-üç ay gedib-gəldim, o da baxdı ki, məsuliyyətim var, məni ştata götürdü. İndi Bakı Uşaq Teatrında nümayiş olunan tamaşalarda da oynayıram.
Bizdə Sovet dövründən qalmış düşüncə tərzinə görə teatrdan qovulmuş insanı işə götürmək risk sayılır. Amma insanlar unudur ki, insan həbsxanadan da çıxıb yenidən işləyə bilər. Onu tamamilə silib atmalı deyilik ki...
Teatr azad olmalıdır. Teatrda şüarçılıq olmamalıdır. Teatr inqilab etmək üçün vasitə deyil. Mən inqilaba həmişə dağıdıcılıq kimi baxmışam. Hər şeydə yaradıcılıq olmalıdır. Onda həyat daha gözəl olur.
Aktyor seriala çəkilməlidir. Məsələn, mən və İlqar Cahangir seriala çəkilmişiksə, sabah tamaşaya gələnlər bizi serialdan xatırlayacaqlar və teatrda tam başqa imkanlarımızı görəcəklər. Serial aktyorun görünməyi, populyar olması üçün vasitədir. Təbii ki, aktyor orada da öz işini görür.
O vaxt, Şuşa teatrına 18 nəfərin təyinatını vermişdilər. İki nəfər getdi. Mən ora getməliydim, çünki mənə sual verərdilər ki, xeyir ola niyə getmədin? Bax, onda xəcalət çəkərdim. Amma ən əsası odur ki, Şuşa ölkənin mədəniyyət mərkəzi idi. Orda tamaşada oynamaq da çətin idi. Hər ailədə ən azından bir musiqi aləti var idi. Niyazi kimi adam hər il cıdır düzündə konsert verirdi.
Mən həmişə əyalət sözünün əleyhinə olmuşam. İnsan harada olur-olsun, onda bir balaca istedad varsa, parlayıb üzə çıxacaq.
Babam Mirməmməd bəy Şahsuvarov cümhuriyyətin Dini Etiqad naziri olub. Atamın əmiləri 1937-ci ildə repressiya olunub. Aralarında fərqli sahəni seçən bircə mən oldum. Mən bir də eyni ailədə, eyni insanların arasında doğulsaydım, yenə aktyor olardım.
İki övladım var. Ənənə davam etsin deyə, həkim olmaqlarını istərdim, amma maraqları yoxdur. Əsas odur ki, bu ölkəyə layiqli övlad olsunlar.
35 yaşımda ailə qurmuşam. O vaxt beynimdə başqa fikirlər var idi. Torpaqların işğalından sonra fikirləşirdim ki, Laçın qayıdar, orada ailə quraram. Sonra baxdım ki, yox, gələcək üçün ailə qurmaq lazımdır.
Tamaşalara az-az gedirəm, ona görə yox ki, yaxşı tamaşalar hazırlanmır. Sadəcə, ora-bura çox qaçırıq, vaxt olmur. Axı biz dovşan saxlamırıq, uşaq saxlayırıq.