Ukrayna mərkəzli “RBC-Ukraine” agentliyinin məlumatına görə, Zelenski, ABŞ Prezidenti Donald Tramp ev sahibliyi etdiyi Ağ Ev görüşündən sonra jurnalistlərə açıqlama verdi.
ABŞ və Avropa liderlərinin iştirakı ilə planlaşdırılan üçtərəfli görüşdən əvvəl Putin ilə ikitərəfli müzakirəyə hazır olduğunu bildirən Zelenski, “çətin məsələlərin” həllində liderlik səviyyəsinin vacibliyini vurğuladı: “Dediyim kimi, liderlik səviyyəsində hər hansı formata hazırıq. Çünki bütün bu mürəkkəb və çətin məsələləri yalnız liderlik səviyyəsində həll edə bilərik. Buna görə də Putin ilə ikitərəfli görüşə hazır olduğumuzu təsdiqlədim, Avropa liderləri də bunu dəstəklədi və ardınca üçtərəfli görüş gözləyirik”.
ABŞ-ın təzyiqi
Mümkün ikitərəfli müzakirəyə Putin qatılıb-qatılmayacağı ehtimalını da qiymətləndirən Zelenski bunun üçün ABŞ-ın təzyiqinə ehtiyac ola biləcəyini bildirdi. Zelenski Ağ Evdəki görüşün yaxşı nəticələr verdiyini deyib.
“Putin ilə mümkün müzakirə üçün hələ tarix müəyyən edilməyib. Ukrayna sülh yolunda heç vaxt dayanmayacaq”, – deyə Zelenski qeyd edib.
Zelenski görüş çərçivəsində Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün əsas başlanğıc nöqtəsinin və əsas məsələnin “təhlükəsizlik zəmanətləri” olduğunu vurğulayıb.
Putin ilə birbaşa görüşlərdə torpaq məsələlərinin gündəmdə olacağını qeyd edən Zelenski, bu mövzunu ilk dəfə Tramp və komandasına xəritələr üzərindən izah etdiyini bildirdi.
Zelenski, Ağ Evdə Tramp ilə ikitərəfli görüşdə təqdim olunan Ukrayna xəritəsinə toxunaraq, xəritənin ölkəsinin torpaqlarının “Rusiya tərəfindən nəzarətdə olduğu və kimin hansı ərazini kontrol etdiyi” barədə düzgün olmadığını deyib.
“Təhlükəsizlik zəmanətləri tezliklə açıqlanacaq”
“New York Post”un xəbərinə görə, jurnalistlərə danışan Zelenski, ölkəsinin təhlükəsizlik zəmanətlərinin 7-10 gün ərzində rəsmiləşdiriləcəyini və bunun ABŞ-dan 90 milyard dollarlıq silah satınalımı paketini də əhatə edəcəyini bildirdi: “Təhlükəsizlik zəmanətləri çox güman ki, tərəfdaşlarımıza açıqlanacaq. Bütün bunlar kağız üzərində qalacaq və qarşıdakı həftə, 10 gün ərzində təhlükəsizlik zəmanətlərinin detalları rəsmiləşdiriləcək”.
Zelenski, ABŞ mərkəzli “X” sosial media platformasında Ağ Evdəki görüşə dair videolu paylaşım edib: “Bugün vacib bir addım atıldı”
Zelenski görüşü “Avropa ilə ABŞ arasında real birliyin göstəricisi” olaraq qiymətləndirdi: “Liderlər Ukraynanı dəstəkləmək və bizi real sülhə, Ukraynanı və bütün Avropanı qoruyacaq etibarlı təhlükəsizlik memarlığına yaxınlaşdıracaq hər şeyi müzakirə etmək üçün bir araya gəldi”.
Zelenski, görüşdə “təhlükəsizlik zəmanətlərinin” müzakirə edildiyini və bunun savaşın sona çatdırılması üçün vacib başlanğıc nöqtəsi və əsas məsələ olduğunu vurğuladı. O, ABŞ-ın bu zəmanətləri dəstəkləyəcəyinə və bunun bir hissəsi olacağına dair verdiyi siqnalı yüksək qiymətləndirdiyini dedi.
Ağ Evdə görüşə qatılan liderlər
ABŞ Prezidenti Donald Tramp Zelenski və Avropa liderlərini qəbul etdi. Görüşə NATO Baş katibi Mark Rutte, Avropa Birliyi Komissiyası Prezidenti Ursula von der Leyen, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniya Baş naziri Keir Starmer, Finlandiya Prezidenti Aleksander Stubb, İtaliya Baş Naziri Corca Meloni və Almaniya Baş Naziri Fridirx Merz qatılıb.
Qeyd edək ki, Tramp avqustun 15-də Alyaska ştatında Rusiya Prezidenti Vladimir Putin ilə görüşüb, lakin yekun razılıq əldə olunmadığını açıqlamışdı.