Tramp Ağ Evdə həm Zelenski, həm də Avropa liderləri ilə keçirdiyi görüşlərin ardından “Truth Social” hesabında paylaşım edib. “Ukrayna Prezidenti Vladimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya prezidenti Aleksandr Stubb, İtaliya Baş naziri Corca Meloni, Böyük Britaniya Baş naziri Keir Starmer, Almaniya kansleri Fridrix Merz, Avropa Komissiyası Prezidenti Ursula von der Leyen və NATO Baş katibi Mark Rutte ilə Ağ Evdə çox yaxşı bir görüş keçirdim. Bu görüş Oval Kabinetdə başqa bir toplantı ilə sona çatdı”.
Tramp görüş zamanı ABŞ ilə koordinasiyalı olaraq müxtəlif Avropa ölkələrinin Ukrayna üçün təmin edəcəyi təhlükəsizlik zəmanətləri məsələsini müzakirə etdiklərini qeyd edib: “Hər kəs Rusiya-Ukrayna sülh ehtimalından çox məmnundur. Görüşlərin sonunda Putin ilə əlaqə saxladım və Putin ilə Zelenski arasında, yeri hələ müəyyən edilməmiş bir görüş üçün hazırlıqlara başladım. Bu görüşdən sonra iki prezident və mənim iştirakımla üçtərəfli görüş keçirəcəyik”.
Tramp fikrini “Təkrar edirəm, bu, dörd ilə yaxındır davam edən savaş üçün çox yaxşı və erkən bir addımdır”, – sözləri ilə yekunlaşdırıb
ABŞ prezidenti sonda deyib ki, Vitse-prezident Ceyms Vens, Dövlət katibi Marko Rubio və Xüsusi Elçi Stiv Vitkoff Rusiya və Ukrayna ilə koordinasiyada işləyir. Tramp göstərilən diqqət üçün təşəkkürünü bildirib.