Çinin Quanqdonq şəhərində fəaliyyət göstərən “Kaiwa Technology” şirkətinin qurucusu Çan Qifeng (Zhang Qifeng) bildirib ki, süni uşaqlıq texnologiyası artıq ciddi mərhələyə çatıb.
Çan Qifeng, “Texnologiyanı artıq robotun qarın hissəsinə yerləşdirməliyik ki, insan ilə robot qarşılıqlı təsir vasitəsilə hamiləlik prosesi başlaya bilsin”, – deyib.
Robotun bətnində yerləşəcək süni uşaqlıqda körpə, borudan aldığı qida ilə böyüyəcək və süni amniotik maye içində inkişafını davam etdirəcək. Doqquz ayın sonunda isə canlı bir körpənin doğulacağı bildirilir.
Prototipin gələn il təxminən 100 min yuan (təxminən 10 min funt sterlinq) qiymətində satışa çıxması gözlənilir. Lakin embrionun süni uşaqlığa necə yerləşdiriləcəyi və mayalanmanın necə baş verəcəyi barədə detalları hələ açıqlanmayıb.
***
Çan qeyd edib ki, bu fikir tamamilə yeni deyil. Əvvəllər alimlər prematura doğulmuş quzuları “biotorba” içində həftələrlə yaşatmağa müvəffəq olmuşdular. Lakin bu inkişaf böyük etik və hüquqi müzakirələri də gündəmə gətirir.
Çan əlavə edib ki, Quanqdonq əyalətinin rəsmi orqanları ilə siyasət və qanun layihələri üzərində müzakirələr aparıb. O, texnologiyanın Çində artan sonsuzluq faizinə (2007-də 11,9%, 2020-də 18%) həll yolu ola biləcəyini iddia edir.
Texnologiyaya etiraz edən mütəxəssislər isə bunu “problemli” sayır. Tənqidlər əsasən ana ilə körpə arasındakı təbii bioloji proseslərin elm tərəfindən təqlid edilə bilməyəcəyinə yönəlib.
2022-ci ildə Filadelfiya Uşaq Xəstəxanasından tədqiqatçılar belə bir texnologiyanın hamiləliyi “xəstəlikli bir proses” kimi göstərə biləcəyinə dair xəbərdarlıq etmişdilər.
Digər tərəfdən bəzi mütəxəssislər süni uşaqlıqların qadınları hamiləlik risklərindən qoruya biləcəyini və bədən yükünü aradan qaldıraraq azad edə biləcəyini bildirirlər.