Vaxt.Az

Ağ Evdə çox danışılan foto – gerçəkmi, saxtamı?


 

Ukrayna Dezinformasiya ilə Mübarizə Mərkəzi görüntü ilə bağlı açıqlama verdi

Ağ Evdə çox danışılan foto – gerçəkmi, saxtamı? ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə Ağ Evdə keçirilən görüş dünya gündəmindədir.

Kritik zirvənin Rusiya-Ukrayna müharibəsini bitirib-bitirməyəcəyi müzakirə olunarkən, toplantıya dair bəzi anlar suallar doğurub. Bunlardan biri də sosial şəbəkələrdə yayılan bir foto olub.

Paylaşılan bir görüntüdə Fransa Prezidenti Emmanuel Makron və digər altı Avropa liderinin, dəhlizdə Trampı gözlədiyi görünür.

***

Fotoda liderlərin Tramp ilə danışmaq üçün növbə gözlədiyi iddia edildi.

Amma diqqətlə baxıldığında uyğunsuzluqlar aydın olur. Makronun yanında olan kresloda yalnız ayaqlar görünür, bədənin üst hissəsi isə yoxdur.

Bundan başqa, görüntüdə üç qadın var, halbuki dünən Tramp ilə keçirilən toplantıda yalnız iki qadın lider iştirak etmişdi: Avropa Komissiyası Prezidenti Ursula von der Leyen və İtaliya Baş naziri Corca Meloni. Həmçinin fotodakı qadınların geyimləri zirvə zamanı Ağ Ev fotolarında görünən rəsmi geyimlərlə uyğun gəlmir.

 

“Saxta” möhürü vuruldu

 

Ukrayna Dezinformasiya ilə Mübarizə Mərkəzi bu fotonu rəsmi şəkildə təkzib edib. Qurum, fotonun üstünə “saxta” möhürü vuraraq, “ABŞ Prezidenti Donald Tramp ilə görüşmək üçün gələn Avropa liderlərinin Oval kabinet yaxınlığında sıraya düzülmüş halda gözlədiyini göstərən saxta foto internetdə yayılır”, – yazıb.

Ukrayna qurumu, Rusiyanın təbliğat şəbəkələrini bu süni intellektlə hazırlanmış fotonu istehsal edib yaymaqda günahlandırıb: “Əslində bu foto süni intellektlə yaradılıb və Rusiyanın təbliğatı tərəfindən Avropa liderlərini nüfuzdan salmaq və danışıqlara qatılmalarının əhəmiyyətini azaltmaq məqsədilə yayılır”.

 





19.08.2025    çap et  çap et