Ağ Evdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp və Avropa liderləri arasında kritik zirvə keçirilərkən, cəbhə xəttində hərəkətlilik davam etdi.
Moskva rus birliklərinin dünən gecə təxminən 100 Ukrayna pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb. Ukrayna isə eyni gün bir çox yaşayış məntəqəsinin nəzarətini geri aldığını bildirdi.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, işğalçı qüvvələr “İskəndər-M” raketləri və pilotsuz uçuş aparatları istifadə edərək 16 Ukrayna yük maşınını məhv etdi.
Ukrayna Baş Qərargah rəisi Aleksandr Sırski, Ukrayna birliklərinin Sumi istiqamətində mühüm irəliləyişlər əldə etdiyini, Rusiyanın elitar birliklərinə hücum etdiyini və bir çox yaşayış məntəqəsini geri aldığını söylədi.
Ukrayna ordusu yanacaqdoldurma məntəqəsini vurdu
Kiyev qüvvələri həmçinin Rusiyanın Tambov bölgəsindəki Nikolskoye yanacaq nasos stansiyasına gecəyarısı hücum təşkil edib. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının açıqlamasında, hücumun “Drujba” boru kəmərindən neft nasoslama əməliyyatını tamamilə dayandırdığı bildirildi. Açıqlamada, Nikolskoye obyektinin rus ordusuna təchizat təmin edən Rusiyanın iqtisadi infrastrukturunun bir hissəsi olduğu vurğulandı.
“Drujba” şəbəkəsi niyə önəmlidir?
Bu hücum, Ukraynanın ötən həftə Rusiyanın Bryansk bölgəsində yerləşən və Drujba şəbəkəsinin bir hissəsi olan Uneça yanacaq nasos stansiyasına etdiyi hücumun ardınca baş verdi. Drujba şəbəkəsi, Rusiyanın neftini Mərkəzi və Şərqi Avropaya daşıyan böyük beynəlxalq boru kəməri sistemidir. Avropa Birliyi, Rusiya-Ukrayna münaqişəsinə görə Rusiyadan neft idxalına müəyyən məhdudiyyətlər tətbiq etsə də, “Drujba” boru kəməri sanksiyalardan azad edilmişdi.
“Daimi sülhün önəmini göstərdi”
Ukrayna Xarici İşlər naziri Andriy Sıbixa, Rusiyanın gecə boyunca həyata keçirdiyi hücumların “qətliamlara son verməyin, daimi bir sülhün təmin edilməsinin və Ukraynanın təhlükəsizliyinin zəmanət altına alınmasının” nə qədər önəmli olduğunu göstərdiyini dedi.
Sosial media hesabından açıqlama verən Sıbixa, “Bu mənada, Ukrayna, ABŞ və Rusiya liderlərinin gələcək görüşü sülh yolunda bir dönüş nöqtəsi ola bilər”, – deyib.