Vaxt.Az

100 milyard dollarlıq sülh


 

Ukrayna zəmanət qarşılığında ABŞ-dan silah alacaq

100 milyard dollarlıq sülh Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski ilə Avropa liderləri arasında keçirilən görüşün əks-sədaları davam edir.

Razılaşmaya əsasən, Ukrayna, Rusiya ilə sülh sazişindən sonra təhlükəsizliyinə zəmanət qazanmaq üçün Avropa maliyyəsi hesabına ABŞ-dan 100 milyard dollarlıq silah alacaq.

Təkliflərə görə, Kiyev və Vaşinqton 2022-ci ildə Rusiyanın işğalı başlayandan bəri bu texnologiyada öncü olan Ukrayna şirkətləri ilə birlikdə 50 milyard dollarlıq pilotsuz uçuş aparatlarının istehsalı üzrə müqavilə imzalayacaq.

 

Hansı silahlar alınacaq?

 

“Financial Times”ın xəbərinə görə, məsələyə yaxın dörd mənbə bildirib ki, Kiyev daha əvvəl açıqlanmayan ABŞ ilə yeni təhlükəsizlik razılaşmaları üzrə təkliflərini Ağ Evdə keçiriləcək görüşdən öncə Avropa müttəfiqləri ilə müzakirə olunacaq mövzular siyahısında paylaşmışdı.

Sənəddə Ukraynanın konkret hansı silahları almaq istədiyi göstərilməsə də, Kiyev şəhərləri və kritik infrastrukturunu qorumaq üçün azı 10 ədəd ABŞ istehsalı “Patriot” hava hücumundan müdafiə sistemi ilə digər raketlər və avadanlıqlar almaq istədiyini açıq şəkildə bildirib. Pilotsuz uçuş aparatları müqaviləsinin nə qədərinin alış, nə qədərinin sərmayə xarakteri daşıyacağı isə sənəddə dəqiq göstərilmir.

 

“Heç nə vermirik, silah satırıq”

 

Ukraynanın təklifi, Trampın Amerika sənayesinə fayda vermək istəyinə yönəlib. Ağ Evdə Ukraynaya əlavə ABŞ hərbi yardımı ilə bağlı verilən suala Tramp belə cavab verib: “Heç nə vermirik. Silah satırıq.”

Sənəd, Trampın ötən həftə Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra Rusiyanın mövqeyinə yaxınlaşdığı görünən vəziyyətdə, Ukraynanın ABŞ-a hansı qarşı-təklif etməyi planlaşdırdığını ətraflı izah edir.

Sənəddə həmçinin Trampın dəstəklədiyi, lakin Putinlə görüşdən sonra genişmiqyaslı sülh sazişi uğrunda geri çəkildiyi atəşkəs çağırışı da təkrar olunur.

 





20.08.2025    çap et  çap et