Vaxt.Az

Sarı tüstü təşviş yaratdı


 

Avropada kimyəvi qaz həyəcanı

Sarı tüstü təşviş yaratdı Münhen yaxınlığında, Heimstetten sənaye zonasındakı bir müəssisədən qalxan sarı tüstü təşvişə yol açıb. Rayon rəhbərliyinin açıqlamasına görə, avqustun 18-də yerli vaxtla 17:30 radələrində yanğınsöndürənlər Heimstettendəki hadisə yerinə yönləndirilib. Ərazidəki bacadan qalxan sıx sarı tüstü səbəbindən bina və ona bitişik anbar təxliyə olunub.

Hadisədən təxminən bir saat sonra, saat 18:41-də “Katwarn” və “Nina” tətbiqləri vasitəsilə Heimstetten və Feldkirçen sakinlərinə qapı və pəncərələri bağlı saxlamaları, evlərindən çıxmamaları barədə xəbərdarlıq edilib. Səbəb, binanın içində yayılan və havaya qarışan nitroz qazlarının aşkarlanması olub. Yanğınsöndürənlər xüsusi kimyəvi qoruyucu geyimlərlə qazın yayıldığı ərazini nəzarətə almağa çalışıb. Təhlükəni azaltmaq üçün yanğınsöndürmə robotu da işə salınıb və təhlükəsiz şəkildə binaya daxil olub.

Təxminən iki saat yarım davam edən müdaxilədən sonra vəziyyət nəzarətə götürülüb. Lakin binanın havalandırılması zamanı sənaye zonası üzərində yenidən sarımtıl bulud müşahidə edildiyi üçün Heimstetten və Feldkirçen üçün verilən xəbərdarlıqlar bir müddət daha qüvvədə qalıb. Sonradan aparılan ölçmələrdə təhlükə aşkarlanmadığından, saat 21:42-dən etibarən bütün xəbərdarlıqlar ləğv olunub.

Yanğına və ya sızmaya səbəb olan amil hələ də dəqiq məlum deyil. Yanğınsöndürənlər hadisənin kimyəvi reaksiya nəticəsində baş verdiyini, lakin dəqiq səbəbin araşdırıldığını bildiriblər. Müdaxilədə Heimstetten, Feldkirçen, Weisenfeld, Helmholtz, Hohenbrunn və Münhendən gələn qüvvələrlə birlikdə ümumilikdə 183 nəfər yanğınsöndürən, mülki müdafiə, təcili tibbi yardım və polis əməkdaşları iştirak edib.

 





20.08.2025    çap et  çap et