Vaxt.Az

“Anidən tormozlanır”


 

Fransa istehsalı avtomobillərin əyləc sistemindəki nasazlıq nazirliyi hərəkətə keçirdi

“Anidən tormozlanır” Fransada son illərdə istehsal olunan və Azərbaycanda da məşhur olan bir çox avtomobildə baş verən səbəbsiz ani tormozlama sürücülərdə narahatlıq yaradıb. Fransa hökuməti avtomobil istehsalçılarını diqqətə aldı.

Fransa Nəqliyyat Nazirliyi, sürücülərin səbəbsiz baş verən ani tormozlama şikayətlərinə görə araşdırma başlatma qərarı verdi. Açıqlamada, bu cür halların artması ilə istehsalçıların sorğulanacağı və texniki testlər aparılacağı bildirildi.

Qərar, apreldə avtomagistralda “Peugeot 208” ilə hərəkətdə olan Cuoanna Peyraşın (Joanna Peyrache) avtomobilinin ani tormozlanması nəticəsində arxadan vurulması və yüngül yaralanması şikayəti əsasında alındı. Nazirlik bu hadisədən başqa da çoxsaylı müraciətlərin onlara gəldiyini bildirdi.

Cuoanna Peyraş, “Yüzlərlə mesaj aldım. 2017 ilə 2025 arasında istehsal olunan yeni avtomobillərdə bu problem görülür. “Peugeot”, “Citroën” və “Skoda” ən çox şikayət edilən markalar arasındadır”, – deyib.

Nazirliyə bağlı Avtomobil və Motor Bazarının Nəzarət Xidməti (SSMVM) istehsalçılardan məlumat tələb edəcək və testlər həyata keçirəcək. Daha əvvəl “Takata” markalı qüsurlu hava yastıqları səbəbindən başlanan toplu geri çağırma kampaniyalarını da bu qurum idarə etmişdi.

Sürücülər bildirirlər ki, baş verən problemlər avtomatik fövqəladə tormoz sistemi və sürüş dəstək sistemlərindən qaynaqlanır. Avqustun 6-da ölkə parlamentinin internet saytında başlanan bir petisiyada “fövqəladə əyləc sistemləri haqqında araşdırma və islahat” tələb edildi. İndiyə qədər yalnız 150 imza toplanan petisiyada, ən azı bir şəxsin bu problem səbəbindən həyatını itirdiyi iddia olunub.

Nəqliyyat Nazirliyi testlər və istehsalçı araşdırmalarından sonra atılacaq addımları ictimaiyyətlə paylaşacağını bildirdi.

 





20.08.2025    çap et  çap et