Vaxt.Az

Kofein niyə yaxşı hiss etdirir?


 

Səhər qəhvəsi əhvalımızı yaxşılaşdırır

Kofein niyə yaxşı hiss etdirir? Qəhvəyə olan maraq bir çox mədəniyyətdə deyimlərə də əks olunur. Məsələn, alman dilində “Bir sabah qəhvəsi kədəri və dərdi qovur” deyimi mövcuddur. Alman və ingilis alimlərinin apardığı yeni bir tədqiqat bunu təsdiqləyir. Tədqiqat göstərir ki, müntəzəm qəhvə içənlər səhər bir fincan qəhvə içdikdən sonra çox daha yaxşı ruh halına sahib olurlar.

Almaniyanın “Bielefeld Universiteti” və İngiltərənin “Warwick Universiteti” tədqiqatçılarının birlikdə apardıqları və nəticələrini “Scientific Reports” adlı elmi jurnalda dərc etdirdikləri tədqiqat çərçivəsində, müntəzəm qəhvə içən şəxslər səhərlər qəhvə və ya digər kofeinli içkilər qəbul etdikləri günləri, eyni saatlarda kofein almadıqları günlərlə müqayisə ediblər. İştirakçılar, qəhvə içdikdən sonra daha xoşbəxt və enerji dolu olduqlarını bildiriblər.

Tədqiqat göstərir ki, kofein qəm və ya əsəbilik kimi mənfi ruh hallarına da təsir edir, lakin bu təsir nisbi olaraq zəifdir və günün saatından asılı deyil.

Alimlər, tədqiqat üçün kofein qəbul edən 236 gənc yetkinlə bir ay boyunca müntəzəm sorğu apardılar. İştirakçılar gün ərzində yeddi dəfə telefonlarındakı qısa sorğunu cavablandıraraq mövcud ruh hallerini və son 90 dəqiqədə kofeinli içki içib-icmədiklərini bildirirdilər.

Tədqiqatı aparan alimlər, kofeinin ruh halını yaxşılaşdırıcı təsirini belə izah edirlər. Kofein beyindəki adenozin reseptorlarını bloklayaraq şəxsin özünü daha ayıq və enerjili hiss etməsini təmin edir. Reseptorlar, şəxsi yorğun hiss etdirən adenozinin bağlandığı kiçik antenlər kimidir.

“Warwick Universiteti”ndən tədqiqatçı Professor Anu Realo bildirir ki, “Kofein adenozin reseptorlarını bloklayaraq beynin vacib bölgələrində dopamin aktivliyini artırır. Bu təsir tədqiqatlarda daha yaxşı ruh halı və artan ayıqlıqla əlaqələndirilib. Dopamin isə “xoşbəxtlik hormonu” kimi tanınır”.

 

Cavab tapılmayan suallar var

 

Tədqiqatçılar bəzi məqamların hələ aydınlaşdırılmadığına diqqət çəkirlər. Məsələn, səhər qəhvəsinin təsirinin, gecə boyunca kofein qəbul edilməməsi nəticəsində yaranan çatışmazlıqla əlaqəsi tam izah olunmayıb. Anu Realo qeyd edir ki, “Orta səviyyədə kofein qəbul edən şəxslərdə belə, səhər içilən ilk qəhvə və ya çay gecə artan çatışmazlıq hissini aradan qaldıra bilər”.

Bir müddət öncə isə ABŞ-dakı “Harvard Universiteti”nin yeni tədqiqatı göstərmişdi ki, müntəzəm qəhvə istehlakı qadınlarda sağlam yaşlanmanı dəstəkləyir. Gündə 2,5 fincana qədər qəhvə istehlakı, xüsusilə orta yaşlı qadınlarda ürək-damar xəstəlikləri riskini azaldır və “Tip 2” diabetin qarşısının alınmasında təsirli rol oynayır.

“Sağlam yaşlanma”, ciddi xroniki xəstəliklər və fiziki, ruhi və koqnitiv məhdudiyyətlər olmadan 70 yaş və yuxarı ömür sürmək kimi tərif olunur.

Tədqiqatın köməkçi müəlliflərindən, “Bielefeld Universiteti”ndən Sakari Lemola bildirir ki, “Dünya üzrə yetkinlərin təxminən 80%-i kofeinli içki qəbul edir və çay ilə qəhvənin tarixi çox qədimdir”. Lemola əlavə edir ki, “Hətta vəhşi heyvanlarda da kofein istehlakı müşahidə olunub. Məsələn, arı və vəhşi arı növləri kofein tərkibli bitkilərin nektarını üstün tuturlar”. Tədqiqat qrupu kofein istehlakının asılılığa səbəb ola biləcəyini də vurğulayır.

 





20.08.2025    çap et  çap et