“Contrex” və “Hépar” markalı “Nestlé Waters” suların hər litrində minlərlə mikroplastik hissəcik tapılıb. Aparılan analizlərdə “Contrex” sularında litr başına 515, “Hépar” markasında isə 2.096 mikroplastik hissəcik müəyyən edilib. Bu göstəricilər göl, çay və axarsular kimi təbii qaynaqlardakı səviyyədən 51 min – 1,3 milyon dəfə yüksəkdir.
“Təbii mineral su” etiketinə ağır zərbə
“Nestlé Waters” məhsullarının “təbii mineral su” etiketi ilə satılması, aşkarlanan mikroplastik səviyyələrinə görə cəmiyyətdə böyük etiraz doğurdu. Mütəxəssislərin sözlərinə görə, bu qədər yüksək plastik hissəciklərinin insan sağlamlığına təsirləri hələ tam öyrənilməyib. Lakin müntəzəm istifadə halında potensial risk daşıya biləcəyi vurğulanır.
Məhkəmə sənədlərinə görə, “Nestlé Waters” bəzi məhsullarda qadağan olunmuş təmizləmə (arıtma) üsullarından istifadə edib. Bu proseslər suyun “təbii” statusunu itirməsinə gətirib çıxara bilər və Avropa Birliyi qaydalarına da zidd sayılır. Şirkət hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Mütəxəssislər “Contrex” və “Hépar” markalarında aşkar edilən bu səviyyələrin yalnız aysberqin görünən hissəsi ola biləcəyini bildirirlər. Butulka su sektorunda daha geniş miqyaslı mikroplastik analizlərinin aparılması və Avropadakı digər markaların da oxşar yoxlamalara məruz qalması üçün çağırışlar edilir.
Azərbaycanda “Nestlé Waters” markasına aid “Nestlé Pure Life” suları satılır. “Nestlé Pure Life” markalı su Azərbaycanda müxtəlif satış nöqtələrində mövcuddur. Bu markanın məhsulu müxtəlif (0.33, 0.5, 1, 1.5, 5, 10 və 19 litr) həcmlərdə alıcılara təqdim edilir.