Bu mənbələri necə təyin etmək olar? Məişət cinayətkarlığının təməlində şişirdilmiş şəxsi eqo dayanır.
Bu eqo sahibinə özünü həmişə başqalarının fövqündə görməyi aşılayırlar. Eqonu şişirdən nə varsa, – bu, ailə tərbiyəsi də ola bilər, təriqət strategiyası da, siyasi romantika da, sekulyar marginallıq da – cinayətkar mühiti münbitləşdirir.
Qəhrəman eqodan arınmış adamdır, bu mənada aşiqin əkiztayıdır. Aşiqlik eqonun ölümüylə başlar. Eqoistdən fədai olmaz. Aşiq də, qəhrəman da fədaidir. Fədai pay ummaz. Qəhrəmanın və aşiqin fədailiyindən həmişə başqaları yararlanar.
Burada fədai ilə qurbanı bir-birindən ayırmaq lazımdır. Fədai könüllüdür və mübarizəsi var. Qurban təslim olandır. Fədai təslim olmaz, olsa qurbana çevriləcək.
Qəhrəmanın və aşiqin yolu konkretdən mücərrədə aparan yoldur. Mücərrəddən konkretə gələn qəhrəman deyil, quldurdur, aşiq deyil, ailə başçısıdır.
Məcnunun fədailiyi özündən sonra bütün leylilərin işinə yaradı. Azərbaycan xalqı işğal olunmuş evlərinə Mübariz İbrahimovun cəbhə xəttində açdığı yarıqdan qayıda bildi.
Bir-birinə “racon” kəsən, bıçaq çıxaran gənclərin “qəhrəmanlığında” bunların heç biri yoxdur. Onların qəhrəmanlığı bütün hallarda qurbana çevrilməklə başa çatır.
Çünki bu məişət cinayətkarlığının tarixi, fəlsəfi dəyəri yoxdur. Ola bilsin müvəqqəti məhəlli dəyəri var.
Qəhrəmanlıq insanın başqalarının fövqünə deyil, özünün fövqünə qalxmasıdır. Yalnız özünün fövqünə qalxan adam geridə qoyub getdiyi şeyi fəda edə bilər.
Qəhrəmanın və aşiqin ölümsüzlüyü də özünün fövqünə qalxmasıyla bağlıdır.
Ölən qəhrəmanın və aşiqin özüylə aparmadığı özüdür. Ölən qəhrəmanın və aşiqin özünə lazım olmayan özüdür.
Qəhrəmanın və aşiqin özüylə aparmadığı, tərk etdiyi şeydir məişət cinayətkarlığı.