Vaxt.Az

İtaliyada konserv zəhərlənməsi


 

Ölənlərin sayı 4-ə çatdı

İtaliyada konserv zəhərlənməsi Ev şəraitində hazırlanmış konservlərdə səhv üsulla istehsal, bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır.

İtaliyanın Sardiniya adasında, 62 yaşlı Valeriya Sollai botulinum (konserv) zəhərlənməsi nəticəsində vəfat edib. Bununla da ölkədə bu səbəbdən ölənlərin sayı dörd nəfərə yüksəlib.

Sollai iyul ayının sonunda Monserrato şəhərindəki Fiesta Latina restoranında yediyi quakamole sonrası xəstələnərək bir neçə həftə xəstəxanada müalicə alırdı. Eyni yeməyi yeyən 36 yaşlı Roberta Pitzalis daha əvvəl həyatını itirmişdi. Hadisə ilə əlaqəli olaraq 14 yaşlı bir qız hələ də xəstəxanadadır.

Sardiniyada baş verən bu ölümlərə əlavə olaraq, Kalabriya bölgəsində də eyni zəhərlənmə səbəbi ilə iki nəfər vəfat edib. Buradakı hallar, küçə satıcısından alınan sosisli sendviç və tərəvəzlərdən qaynaqlandığı müəyyən edilib. Soruşturmada küçə satıcısı, məhsulların istehsalında iştirak edən üç şirkət rəhbəri və xəstələri müalicə edən altı həkim daxil olmaqla 10 nəfər barəsində məhkəmə prosesi başlanıb. İttihamlar arasında “qəsdən olmayan adam öldürmə, qəsdən olmayan xəsarət yetirmə və sağlamlığa zərərli qida satışı” yer alır.

Paviadakı Zəhər Nəzarət Mərkəzinin direktoru Karlo Alessandro Locatelli bildirib ki, İtaliyada hər il orta hesabla 40 botulizm hadisəsi qeydə alınır: “Panikaya ehtiyac yoxdur, amma xüsusilə evdə hazırlanan konservlərdə gigiyena çox önəmlidir. Botulinum toksini görünmür və dadını dəyişdirmir. Antitoksin yalnız zəhər qana qarışmazdan əvvəl təsirli olur”.

İtaliya, Avropada botulizm hadisələrinin ən çox rast gəlinən ölkələrindən biridir. 2001-2020-ci illər arasında 452 hadisə qeydə alınıb, ölüm nisbəti isə 3,1% təşkil edib. 2023-cü ildə isə 36 hadisə ilə Avropada birinci yerdədir. Onu Almaniya (16), Fransa (15), Rumıniya və İspaniya (hər biri 14 hadisə) izləyir.

Ev şəraitində hazırlanan konservlərin yanlış hazırlanması bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır. Zəhərlənmə əlamətləri yeməkdən 6 saat ilə 7 gün arasında ortaya çıxa bilər. Zəhərlənmənin simptomları gözlərin ikiləşməsi, göz qapaqlarının sallanması, danışmaq və udmaq çətinliyi, ağız quruluğu və qəbizlik. İrəliləyən hallarda nəfəs darlığı və reanimasiya ehtiyacı yarana bilər.

 





20.08.2025    çap et  çap et