Vaxt.Az

Artıq “Ağ Ev” də “TikTok”da


 

Tramp sosial şəbəkəyə verdiyi möhləti uzadacaqmı?

Artıq “Ağ Ev” də “TikTok”da “Ağ Ev” hesabını açarkən “GERİ DÖNDÜK, Amerika! Nə var, nə yox, TikTok?” ifadəsini yazıb. Bu addım, ABŞ Prezidenti Donald Trampın təxirə saldığı tətbiqi qadağan etmə tarixinin yaxınlaşdığı bir vaxtda atılıb.

Konqres ötən il sabiq prezident Co Baydenin də imzaladığı qanun layihəsini qəbul etmişdi. Qanuna əsasən, “TikTok”un Çin mərkəzli ana şirkəti “ByteDance” tətbiqi ABŞ tərəfindən təsdiqlənmiş bir şirkətə satmalı idi. Bunun üçün 9 ay vaxt verilmişdi. Əks halda, tətbiq ölkə üzrə qadağan olunacaqdı.

Tramp hakimiyyətə gəldiyindən bəri “TikTok”un satışı və ya qadağası ilə bağlı müəyyənləşdirilən müddəti dəfələrlə uzadıb. Sonuncu möhlət isə sentyabrın 17-də başa çatır.

Trampın bir neçə həftə ərzində “TikTok”la razılaşma əldə olunmasa, müddəti yenidən uzadıb-uzatmayacağı hələlik məlum deyil. Lakin “Ağ Ev”in platformaya qoşulması Trampın qadağanı tətbiq edəcəyinə dair inamı azalda bilər.

“The Independent” yazır ki, məsələ ilə bağlı şərh almaq üçün “Ağ Ev”lə əlaqə saxlanılıb.

“Ağ Ev” yeni hesabını açdığı gün – çərşənbə axşamı bir neçə video yayımlayıb. İlk paylaşımda Trampın montaj edilmiş görüntüləri üzərinə “GERİ DÖNDÜK, Amerika! Nə var, TikTok?” yazılıb. İkinci videoda isə “Çox yaxşı döndük” sözləri fonunda “Ağ Ev”in fasadından görüntülər təqdim olunub.

Bundan başqa, Trampın “Ovlanan mən idim, indi ovçuyam” dediyi məqamlar da daxil olmaqla onun diqqətçəkən ifadələrindən ibarət video yayımlanıb.

Xatırladaq ki, Tramp 2024-cü il prezidentlik kampaniyası zamanı öz “TikTok” hesabını açıb və 15 milyondan çox izləyici toplamışdı.

“Reuters”in məlumatına görə, “Ağ Ev”in mətbuat katibi Karolin Leavitt deyib:

“Prezident Trampın seçki kampaniyası dövründəki mesajları ‘TikTok’a hakim oldu. Biz həmin uğurlar üzərində quraraq indiyədək heç bir administrasiyanın etmədiyi formada ünsiyyət qurmaqdan həyəcan duyuruq”.

Onun sözlərinə görə, Tramp iyunda “bu razılaşmanı tamamlaya bilmək üçün” “TikTok” qadağasının tətbiqini yenidən təxirə salmışdı.

Leavitt jurnalistlərə açıqlamasında, “O, son dərəcə populyardır. Eyni zamanda amerikalıların bu tətbiqlə bağlı məlumat və məxfilik narahatlıqlarını aradan qaldırmaq istəyir. Və biz inanırıq ki, hər iki məqsədə eyni vaxtda nail ola bilərik”, – deyib.

Texnologiya xəbərləri saytı “The Information” isə mövzuya yaxın mənbələrə istinadən bildirib ki, “TikTok” ABŞ istifadəçiləri üçün yeni versiya hazırlayıb. Sentyabrın 5-də tətbiqin ölkənin mobil mağazalarında istifadəyə veriləcəyi gözlənilir.

Trampın “TikTok”a yanaşması ikinci prezidentlik müddətində xeyli dəyişib.

Onun ilk prezidentliyi dövründə isə Tramp ABŞ milli təhlükəsizliyi üçün təhdid olduğu əsas gətirilərək “TikTok”u qadağan edən sərəncam imzalamışdı. Bu iddia Konqresdə “TikTok”un yasağı müzakirə edilərkən ortaya atılmışdı. Lakin Trampın qadağası məhkəmələr tərəfindən bloklanmışdı.

 





20.08.2025    çap et  çap et