Vaxt.Az

Şi Cinpin hakimiyyətini gücləndirir


 

“Mao dövründən bəri ən genişmiqyaslı təmizləmə”

Şi Cinpin hakimiyyətini gücləndirir Çin Dövlət başçısı Si Cinpin (Xi Jinping) özünün təyin etdiyi hərbi və siyasi fiqurları vəzifədən uzaqlaşdırmaqla diqqət çəkir.

“The New York Times”ın (“NYT”) təhlilində qeyd olunur ki, Sinin təmizləmə addımları sosial mediada çoxsaylı şayiələrə yol açıb. Paylaşımlarda, Şiyə yaxın şəxslərlə Çin Kommunist Partiyasının (ÇKP) “elita kadrosu” arasında ziddiyyətlər yaşandığı irəli sürülür.

Bəzi yazılarda hətta Sinin istefasını nəzərdə tutan zaman qrafiki paylaşılıb. Bundan başqa, Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) çevriliş hazırlığı gördüyü iddia olunur.

“NYT”nin məlumatına görə, ötən il 889 min ÇKP üzvü intizam təhqiqatına cəlb olunub. Onların 73 nəfəri vilayət və ya nazirlik səviyyəsində yüksək vəzifə tutan şəxslərdir.

Stenford Universitetinin politoloqu Vu Quoquanq (Wu Guoguang) bildirir ki, 2022-ci ilin sonlarından bəri ÇKP Mərkəzi Komitəsi üzvlərinin təxminən 10 faizi təmizlənib və ya başqa vəzifələrə keçirilib. Onların arasında mühüm toplantılarda iştirak etməyən və demək olar ki, “ortadan qeyb olan” simalar da var.

Ən sərt addımlar isə ÇXAO-ya qarşı atılıb. 2023-cü ildən bu yana azı 45 yüksək rütbəli ordu və hərbi-sənaye rəsmisi vəzifədən kənarlaşdırılıb. 2024-cü ildə isə sabiq müdafiə nazirləri Vey Finxi (Wei Fenghe) və Li Şanqfu (Li Shangfu) barəsində korrupsiya və səlahiyyətdən sui-istifadə ilə bağlı istintaq açılıb, siyasətçilər partiyadan çıxarılıb.

Təhlildə vurğulanır ki, Sinin bu addımları “Mao dövründən bəri ən genişmiqyaslı təmizləmə” kimi xarakterizə olunur.

Vuya görə, Sinin təmizləmə siyasəti Mao və Stalinin yolunu xatırladır. O bildirir ki, Stalinin “Böyük təmizləmə”si aclıqdan sonra, Maonun “Mədəni inqilab”ı isə “Böyük aclıq”dan sonra gəlmişdi. Sinin təmizləmələri də pandemiya zamanı ölkəni xaricdən təcrid edən “sıfır COVİD” siyasətinin yaratdığı iqtisadi böhran fonunda formalaşıb.

Digər tərəfdən, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ÇKP rəhbərliyi daxilindəki ixtilaflardan faydalanmağa çalışır. Qurum may ayında mandarın dilində iki video yayımlayıb. Videolarda uydurma ÇKP rəsmisi belə deyir: “Partiyada yüksələndə, üstlərimin qəfildən nüfuzdan salındığını gördüm. İndi başa düşürəm ki, mənim taleyim də onlarınkı qədər nazik bir ipdən asılıdır”.

 





20.08.2025    çap et  çap et