Fransada taksi sürücüləri, sağlamlıq sığortasının xəstə daşınma xidmətlərindəki dəyişiklikləri etiraz etmək üçün hazırlıq görür. Sentyabrın 5-də Parisin məşhur Şanzelize prospektində başlamaq planlanan aksiyada ölkə üzrə geniş iştirak gözlənilir.
Yeni qaydaya əsasən, taksi sürücülərinin xəstəxana və ya sağlamlıq mərkəzlərinə qayıdarkən “boş dönüş” haqqı demək olar ki, tamamilə aradan qaldırılır. Bu, taksi sürücülərinin gəlirlərində ciddi azalmaya səbəb olacaq.
Milli Taksi Federasiyası katibi Dominik Bisson, “Xüsusilə uzun məsafələrdə boş dönüşlər çox vaxt məcburidir. Bu qərar absurddur. Gəlirlərimizdə 30-40 faiz itki olacaq, bir çox müəssisədə işçilərin işdən çıxarılması gündəmə gələ bilər”.
Taksi sürücüləri bildirir ki, etiraz yalnız öz maraqlarını deyil, həm də xəstələrin təhlükəsiz daşınmasını əhatə edir. Həmkarlar ittifaqları “Lazım gələrsə ölkəni bloklayarıq” deyərək aksiyada Paris başda olmaqla iri şəhərlərdəki hava limanları və dəmiryolu stansiyalarını bağlamaqla hədələyirlər.
Aksiyanın detalları bu həftə keçiriləcək həmkarlar ittifaqı toplantısında müəyyənləşəcək.