Almaniyadakı bir neçə açıq üzgüçülük hovuzunda son günlərdə qızlar cinsi təcavüzə məruz qalıb və fiziki hücuma uğrayıb.
Visbadendə 23 yaşlı bir kişi icazəsiz şəkildə 14 yaşlı bir qıza toxunub. Qız müqavimət göstərdikdə isə təcavüzkar kişi onun üzünə yumruq vurub. Qız polisə şikayət edib.
Visbadendə avqustun 12-də də oxşar bir hadisə yaşanıb. Polis, 3 qıza cinsi təcavüzə cəhd etməkdə günahlandırılan 2 kişini saxlayıb. Polisin məlumatına görə, Auqsburqda da açıq üzgüçülük hovuzunda cinsi təcavüz hadisəsi baş verib. Avqustun 16-da 29 yaşlı bir kişinin bir neçə uşağa yaxınlaşaraq onlara toxunduğu iddia edilir. Bundan əlavə, şübhəli şəxs uşaqların şəkillərini də çəkib. Üzgüçülük hovuzunun işçiləri adamı fərq etdikdən sonra o, qaçmağa cəhd edib. Lakin işçilər və valideynlər onu saxlayıb. Hazırda həbs olunan təcavüzkarın məhkəməsi gözlənilir. Avqustun 17-də Koburq açıq üzgüçülük hovuzu da bir qıza qarşı törədildiyi iddia edilən cinayətin səhnəsi olub. 11 yaşlı bir qız uşağına, polisin ifadəsi ilə, 33 yaşlı bir kişi tərəfindən “yolverilməz şəkildə toxunulub”. Hovuz işçisi polisi çağırıb və şahidlərin ifadələri ilə şübhəli şəxs müəyyənləşdirilib. Araşdırma başlayıb.