Vaxt.Az

“Büdcəni balanslaşdırmağın yolu qənaətdən keçir“


 

Almaniyada varlılara daha yüksək vergi müzakirəsi

“Büdcəni balanslaşdırmağın yolu qənaətdən keçir“ Almaniyada yüksək gəlirli şəxslər üçün vergi dərəcələrinin artırılması təklifi hökumət ortaqları arasında fikir ayrılığına səbəb olub. Baş nazir müavini və maliyyə naziri, həm də Sosial Demokrat Partiyasının (SPD) həmsədri olan Lars Klinqbayl, bazar günü ZDF-yə verdiyi açıqlamada 2027-ci il büdcəsindəki 30 milyard avroluq kəsiri bağlamaq üçün geniş paket lazım olduğunu, bunun bir hissəsi olaraq varlılardan daha çox vergi tutulmasının mümkünlüyünü bildirib.

Bu ideyaya, kansler Fridrix Merzin partiyası Xristian Demokrat İttifaqı (CDU) və yalnız Bavariyada fəaliyyət göstərən qardaş partiya Xristian Sosial İttifaqı (CSU) sərt etiraz edib.

Almaniyada illik 12 min 96 avroya qədər gəliri olanlar gəlir vergisindən azaddır. Bu həddən yuxarı gəliri olanlar isə gəlir vergisi ödəyir. Vergi dərəcəsi gəlirin həcminə görə 14%-dən 45%-ə qədər dəyişir. SPD-nin təklifi ən yüksək – 45%-lik verginin daha da artırılmasıdır. Halbuki koalisiya sazişində aşağı və orta gəlirlilər üçün verginin azaldılması nəzərdə tutulmuşdu.

CDU/CSU fraksiya rəhbəri Yens Şpan bildirib ki, büdcəni balanslaşdırmağın yolu qənaətdən keçməlidir, vergi artırmaqdan yox. O, əksinə, vətəndaşların ödədiyi sosial sığorta haqlarının azaldılmasını təklif edib. CDU/CSU fraksiyasının idarə rəhbəri Şteffen Bilger də Almaniyada vergi və sosial haqların onsuz da yüksək olduğunu vurğulayaraq yeni artımları yanlış addım adlandırıb.

Ən sərt açıqlamanı CSU lideri, Bavariya baş naziri Markus Zöder verib. O, koalisiya razılaşmasında vergi artımlarının əksinə olduqlarını xatırladıb: “CSU olduğu müddətdə vergi artımı olmayacaq. Əksinə, gəlir vergisini azaltmaq və miras vergisində güzəşt hədlərini qaldırmaq istəyirik”.

Zöderin fikrincə, vergiləri artırmaq əvəzinə “vətəndaş pulu (Bürgergeld)”, istilik qanunu və miqrasiya xərcləri kimi sahələrdə qənaət edilməlidir. Dövlət yalnız 2024-cü ildə təxminən 47 milyard avro Bürgergeld ödəyib.

 

Hökumət sözçüsü: Prioritet – iqtisadi artım

 

Merz hökumətinin sözçü müavini Şteffen Mayer isə açıqlamasında bildirib: “İqtisadi artıma kömək edən hər şey ediləcək, amma artıma zərər verəcək heç bir addım atılmayacaq”.

Vergi artımı ilə bağlı suala isə, hökumətin əsas prioritetlərinin iqtisadi artımı stimullaşdırmaq, infrastruktur yatırımları və orta təbəqənin yükünü azaltmaq olduğunu deyib.

SPD fraksiya rəhbərinin müavini Dirk Vize isə gərginliyi yumşaltmağa çalışaraq, vergi məsələsinin dərhal qərara bağlanmasına ehtiyac olmadığını bildirib.

Qeyd edək ki, 3,5 aydır fəaliyyət göstərən hökumət koalisiyası daha əvvəl də məsələn, Konstitusiya Məhkəməsinə hakim seçimi kimi mövzularda fikir ayrılığı yaşamışdı.

 





20.08.2025    çap et  çap et