Vaxt.Az

Hakim partiyada parçalanma


 

Ukraynaya əsgər göndərmək ideyası Almaniyanı iki yerə böldü

Hakim partiyada parçalanma Ukraynaya təhlükəsizlik zəmanətləri verilməsi məsələsi artıq Almaniyada da gərgin siyasi müzakirələrə səbəb olub. Xüsusilə alman əsgərinin bu missiyada iştirak edib-etməyəcəyi siyasətçiləri qarşı-qarşıya qoyub.

Baş nazir Fridrix Merz Ukraynaya əsgər göndərmə ehtimalına açıq olduğunu bildirib. O, Vaşinqtonda keçirilən görüşdən sonra:, "Burada söhbət təkcə Ukraynanın ərazi bütövlüyündən getmir, bütün Avropanın siyasi düzəni müzakirə altındadır. Almaniya olaraq bu prosesdə iştirak etmək bizim həm marağımız, həm də məsuliyyətimizdir", – deyib.

Lakin Merzin öz partiyası Xristian Demokrat İttifaqı (CDU) içindən etiraz səsləri yüksəlib. Saksoniya əyalətinin baş naziri və CDU sədr müavini Mixael Kreçmer “Alman əsgərinin Ukraynada döyüşməsi heç vaxt müzakirə mövzusu olmamalıdır” deyərək Bundesverin hazırkı vəziyyətdə belə bir öhdəliyi yerinə yetirə bilməyəcəyini söyləyib.

Alman ordusunun ölkə hüdudlarından kənarda iştirak etməsi üçün Bundestaqın təsdiqi tələb olunur. Müdafiə naziri Boris Pistorius isə Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərində Almaniyanın rolunun hələ müəyyənləşmədiyini bildirib.

 

Fransa və İngiltərə könüllüdür

 

Fransa prezidenti Emmanuel Makron, təhlükəsizlik zəmanətləri çərçivəsində Fransa və İngiltərə ilə yanaşı Almaniya və Türkiyənin də Ukraynaya birlik göndərə biləcəyini açıqlamışdı. Mütəxəssislərə görə, Avropa əsgərləri döyüş cəbhəsində yox, daha çox arxa cəbhədə – təlim, logistika və strateji dəstək sahələrində fəaliyyət göstərə bilər.

 

Partiyaların mövqeyi

 

SPD: Koalisiya ortağı SPD-dən millət vəkili Adis Ahmetovi ordunun mümkün bir sülh missiyasına qatılmasına açıq olduqlarını bildirib.

AfD: Ana müxalifətdəki sağ populist AfD lideri Alis Vaydel isə “X” sosial şəbəkəsində, ABŞ belə bir missiyadan çəkilərsə Almaniyanın hədəfə çevrilə biləcəyini qeyd edib və “Daimi qarşıdurma deyil, Rusiya ilə anlaşma lazımdır”, – deyib.

 

İctimai rəy

 

Yanvarda yayımlanan “YouGov” sorğusuna görə, almanların 56%-i Ukraynaya beynəlxalq sülhməramlı qüvvə göndərilməsini dəstəkləsə də, yalnız 23%-i Alman əsgərinin birbaşa iştirakına razıdır.

 





20.08.2025    çap et  çap et