Vaxt.Az

“İki əsas məsələ var”


 

Təhlükəsizlik zəmanətləri və ərazi tələbləri müzakirə olunur

“İki əsas məsələ var” ABŞ Vitse-prezidenti Ceyms Vens Rusiyaya qarşı müharibənin başa çatdırılmasına dair danışıqların Ukraynanın güvənlik zəmanətləri və Rusiyanın – işğal etmədiyi ərazilər də daxil olmaqla – nəzarət etmək istədiyi torpaqlar üzərində cəmləşdiyini bildirib.

Dünən "Fox News" kanalına müsahibəsində Vens, “İki əsas məsələ var. Bir tərəfdən çox sadə görünür, amma əslində olduqca mürəkkəbdir. Birincisi, Ukrayna Rusiyanın onu yenidən işğal etməyəcəyinə əmin olmaq istəyir. Uzunmüddətli perspektivdə ərazi bütövlüyünün qorunacağına zəmanət istəyir. Ruslar isə bəzilərini işğal etdikləri, bəzilərini isə etmədikləri müəyyən torpaqları tələb edirlər”, – deyib.

ABŞ prezidenti Donald Tramp, Rusiyanın Ukraynaya qarşı dördüncü ilə girən müharibəsini sona çatdırmaq üçün səylərini gücləndirib. O, ötən həftə Alyaskada Rusiya prezidenti Vladimir Putin ilə görüş keçirib. Tramp bazar ertəsi Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski və Avropalı müttəfiqləri ilə də danışıqlar aparıb.

Vensin sözlərinə görə, Rusiya və Ukrayna liderləri arasında birbaşa görüş danışıqları irəlilədə bilər.

“Müzakirələrin mahiyyəti burada yatır: Ukraynalılar güvənlik zəmanəti istəyir, ruslar isə müəyyən əraziləri tələb edir”.

ABŞ hələlik belə bir ikitərəfli görüşün təşkil olunması üzərində işləyir, amma tarix və məkan müəyyənləşdirilməyib. Tramp bildirib ki, görüş yaxşı nəticələnərsə, Putin və Zelenski ilə üçtərəfli zirvə keçirməyi planlaşdırır.

Digər tərəfdən, İtaliya baş naziri Corciya Meloni, NATO-ya faktiki üzvlük verməyən, lakin kollektiv müdafiə maddəsi ehtiva edən bir plan irəli sürüb.

“NATO-light” adlandırılan bu italyan təklifi, Ukraynanın alyansa üzvlüyünün gündəmdə olmadığını qəbul etsə də, mənbələrin bildirdiyinə görə, kollektiv yardım mexanizmi təklif etməklə ən yaxşı alternativ variant kimi müzakirə olunur.

 





21.08.2025    çap et  çap et