ABŞ fond bazarında milyardlarla dollar dəyərin silindiyi satış dalğasından sonra günün sonuna yaxın alışlar güclənib. Əvvəllər texnologiya səhmlərinə dair narahatlıq və FED protokollarından oxunan inflyasiya riskləri qiymətlərə mənfi təsir etmişdi. Nəticədə “S&P 500” indeksi 0,2% kimi kiçik bir geriləmə ilə bağlansa da, iri şirkətlərin əksəriyyəti dəyər qazanıb.
Bütün texnologiya nəhəngləri dəyər itirsə də, günün sonunda itkilərini azaltdı. “Nasdaq 100” gün ərzində 2%-ə yaxın düşdükdən sonra 0,6% azalma ilə bağlandı. “Oaktree Capital Management LP” qurucularından Hovard Marks ABŞ fond bazarında “balonun ilk mərhələlərinin” yaşandığını, amma ciddi korreksiya üçün hələ vaxt olduğunu dedi. “JPMorgan Chase & Co.”dan Endryu Tayler isə “bu gün açıqlanacaq PMI göstəriciləri və “Jackson Hole”da Pauelin mesajları bazarlarda yeni hərəkətlilik yaradıb gözləntiləri dəyişə bilər” şərhini verdi. Bu səhər Bakı vaxtı ilə 07:26-da fyuçers indekslər ABŞ-da sabit, Avropada isə artımla ticarət olunurdu.
Asiyada texnologiya səhmləri bahalaşdı, MSCI Asiya-Sakit okean Texnologiya İndeksində hər bir ucuzlaşan səhmə qarşı iki səhm bahalaşdı. “Advantest Corp.” və “Samsung Electronics Co.” qaliblər arasında idi. “Taiwan Semiconductor Manufacturing Co.” isə dörd ayın ən böyük gündəlik ucuzlaşmasından sonra 0,9% artdı.
Neft, ABŞ ehtiyatlarında iki ayın ən böyük azalmaya işarə edən statistikadan sonra qazancını qorudu. Yaponiyanın 20 illik istiqraz gəliri 1999-dan bəri ən yüksək səviyyəyə çıxdı. Çinin 30 illik istiqraz gəliri isə yerli fond bazarındakı artımdan sonra satışların sürətlənməsi ilə ötən ilin dekabrından bəri ən yüksək həddinə çatdı.
Dünən sabit bağlanan “Bloomberg Dollar Index” bu səhər də dəyişməz qaldı. Dollar/manat səhər saatlarında 40,9326 səviyyəsində ticarət olunurdu.