Vaxt.Az

“Neftçi”də sadiqlik çatmır


 

Amma vəziyyət budu, barışmalıyıq

“Neftçi”də sadiqlik çatmır Premyer Liqada 2025-26-cı illər mövsümünün 1-ci turu arxada qaldı. Yenidən öyrəndik ki...

Darıxmışdıq.

İlk turda sürət, ümumilikdə oyunların tempi ötən ilə nisbətən yaxşı idi. Keyfiyyət də pis deyil. Naməlum yerlərdən, naməlum yolla gələn, normal karyerası olmayan legionerlərin sayı çox olmasa daha yaxşı olardı, amma vəziyyət budu, barışmalıyıq.

Cəmi 5 oyun oynandı. Bu matçlarda start heyətində meydana çıxan 110 nəfərdən cəmi 33-ü yerli oyunçu idi. Ən az yerliyə – 2 nəfər – şans verən klublar “Şamaxı” və “Araz”, ən çoxuna güvənən – 5 nəfər – isə “Qəbələ” və “Turan Tovuz” oldu.

“Turan” demişkən, Olabenin adını çəkməliyik. Keyfiyyəti aşkar görünürdü. Qol epizodunda asma ediləndə heç cərimə meydançasında yox idi, anidən peyda olub fərqləndi. Tovuzun yeni transferi Enrike Silvanın da gəlişiylə komanda daha yaxşı oynaya biləcək.

“Qəbələ”dəki Xayme Syerra da çox xoşuma gəldi. Bu ispanlar yarımmüdafiə işində ustadırlar.

“Neftçi” heç vaxt 5-li müdafiə ilə nəinki çempion ola bilməyəcək, heç avrokuboka da gedə bilməz. Yaxşı oyunçular gətiriblər, keyfiyyət daha yüksəkdir. Kobud desək, ayaqları top tutur. Şübhəm yoxdur ki, “ağ-qaralar” qarşıdakı turlarda daha çox xal toplayacaq və daha yaxşı duruma gələcəklər. Amma fundamental oyun fəlsəfəsinə sadiqlik vacibdir. Bu klubda ənənələrdən kənara çıxmaq baha başa gəlir.

Turnir cədvəlinin lideri “Sumqayıt”dır. İlk 45 dəqiqədə “Kəpəz”i elə şoka saldılar ki, hamımız təəccüblü qaldıq. Saşa İliç yaxşı başlanğıc etdi. Ancaq müdafiədəki problemlər də gözdən qaçmadı. Serbiyalı mütəxəssis özü də bunu etiraf etdi və diqqətli olmalı olduqlarını qeyd etdi. Növbəti turda bu müdafiə “Qarabağ” sınağından çıxmalı olacaq.

Bərabərlik olsa da, turun son matçında “Zirə” daha yaxşı təsir bağışladı, daha çox epizod əldə etdi və elə daha çox da epizod qaçırdı. Rəşad Sadıqov hücumda olan problemləri həll etməsə, mövsüm boyu uğur qazanması çətin olacaq.

 





21.08.2025    çap et  çap et